Suriyada silah anbarında partlayış: ölənlər var
Suriyanın Deyr əz-Zor vilayətinin qərbində, Əyyəş qəsəbəsi yaxınlığında yerləşən hərbi obyektlərdən birində silah anbarında partlayış baş verib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri zamanı 6 nəfərin meyiti aşkar edilib, bir neçə nəfərin taleyi isə hələlik məlum deyil.
Suriyanın Müdafiə Nazirliyinin Media və Kommunikasiya İdarəsi də Əyyəş bölgəsində ordunun obyektlərindən birində partlayış baş verdiyini təsdiqləyib. Bildirilib ki, hadisənin səbəbləri araşdırılır və partlayışın nəticələri qiymətləndirilir.
Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında, ümumilikdə, 18 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.