Vətən yolunda sonadək döyüşən əsgər
Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında silinməz iz qoyub. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gənc nəsil üçün Vətənə sədaqətin və torpağa bağlılığın parlaq nümunəsidir. Qazanılan Zəfər şəhidlərimizin fədakarlığı və Azərbaycan əsgərinin rəşadəti ilə tarixə yazılıb.
Teleqraf xatırladır ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti üzərinə düşən döyüş vəzifələrini layiqincə yerinə yetirdi.
Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbi qulluqçulardan biri də kiçik çavuş Süleyman Mənsur oğlu Mehdiyev idi. Süleyman Mehdiyev 1992-ci il fevralın 28-də Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olub. Kənddəki şəhid Yasin Abdurrahmanov adına ümumi orta məktəbdə təhsil alıb. 2013-cü ilin noyabrında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.
“N” saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi bölmələrində baş atıcı, motosikletçi-atıcı və atıcı vəzifələrində xidmət edən Süleyman qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirib. Silahlarla davranış, taktiki və fiziki hazırlıq üzrə bacarıqlarını davamlı təkmilləşdirib, müxtəlif təlimlərdə peşəkarlıq nümayiş etdirib. İctimai qaydanın və təhlükəsizliyin qorunması, eləcə də karantin rejiminin təmin edilməsi üzrə xidmətlərə cəlb olunaraq üzərinə düşən vəzifələri məsuliyyətlə icra edib. Xidmətdə qazandığı nəticələrə görə dəfələrlə mükafatlandırılıb.
44 günlük Vətən müharibəsi zamanı Süleyman Gəncə şəhəri və Gədəbəy rayonunda komendant postlarında xidmət aparıb. Gəncə şəhərinin raket atəşinə məruz qaldığı günlərdə onun da daxil olduğu şəxsi heyət əhalinin təhlükəsizliyinin təmin olunmasında iştirak edib. Müharibədən sonra isə Şuşa şəhərinə, Kəlbəcər, Laçın və Zəngilan rayonlarına ezam olunaraq təhlükəsizlik tədbirlərinin təmin edilməsinə cəlb edilib. 2022-ci il iyunun 29-da Daxili işlər nazirinin müvafiq əmri ilə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.
Süleymanın döyüş yolunun ən ağır və son mərhələsi 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərinə təsadüf etdi. Sentyabrın 20-nə keçən gecə “N” saylı hərbi hissənin şəxsi heyəti Laçın rayonunun Nağdalı kəndindən Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində hərəkətə başlayıb. Qarşıya qoyulan döyüş tapşırığının icrası zamanı şəxsi heyət əvvəlcə düşmənin hücumuna məruz qalıb. Hücum dəf edilib, silahlıların atəş nöqtələri susdurulub. Döyüş zamanı bəzi hərbi qulluqçular yaralanıb. Buna baxmayaraq, şəxsi heyət tapşırığın icrasını davam etdirib.
Vəngli kəndinə az məsafə qaldıqda hərbi qulluqçular pusquya düşüblər. Yolun kənarlarında mövqelənən silahlılar qəfil müxtəlif çaplı silahlardan atəş açıb, döyüşçülərin üzərinə qumbaralar atıblar. Gözlənilməz hücum və ağır atəş altında qalan hərbi qulluqçular dərhal mövqelənərək cavab atəşi açıb, döyüşü qətiyyətlə davam etdiriblər. Qarşı tərəfin atəş nöqtələrinin susdurulması və irəliləmənin təmin edilməsi üçün döyüşçülər bütün imkanlarından istifadə ediblər.
Atəşin intensiv olduğu həmin anlarda Süleyman Mehdiyev də döyüş mövqeyini tərk etməyərək sonadək mübarizə aparıb. Qarşı tərəf itki verərək geri çəkilməyə məcbur olub. Lakin döyüşün gedişində Süleyman bədəninin bir neçə nahiyəsindən ağır yaralanıb və şəhid olub. Onunla birlikdə bir neçə silahdaşı da həmin ərazidə şəhadətə yüksəlib. Ağır yaralanan dəstə komandiri polkovnik-leytenant Rəşad Hüseynov isə ertəsi gün dünyasını dəyişib.
Süleyman Mehdiyevin 20 sentyabr 2023-cü ildə Kəlbəcər rayonunda hərbi əməliyyat zamanı odlu silah və digər adi silah növləri ilə yetirilmiş zədələr nəticəsində şəhid olması sənədlə rəsmiləşdirilib. Sentyabrın 21-də Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə kiçik çavuş S.Mehdiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.