Siyasət
Alban-Udi dini icması Ermənistanın revanşist mövqeyinə dair bəyanat yayıb
Azərbaycan Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. Oxu.Az xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: Bir olan Yaradanımızın adı ilə. Biz - Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayırıq. Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, həmçinin sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın və yüksəkvəzifəli digər rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etmələri tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpusun nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir. Bəyan edirik ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir. Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir. Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz. Tarixdən məlumdur ki, 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul etmişdir. Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng monastırının tarixi VI-VII əsrlərə gedib çıxır. Tarixi necə dəyişmək, necə saxtalaşdırmaq olar? Danılmaz həqiqətdir ki, Gəncəsər məbədi alban knyazı Həsən Cəlal Dövlənin göstərişi ilə 1216-1238-ci illərdə inşa edilmiş və 1240-cı ildə alban patriarxı Nersesin xeyir duasını almışdır. Gəncəsər məbədinin əhəmiyyəti və bizim üçün xüsusi dəyəri ondan ibarətdir ki, o, alban katolikosluğunun iqamətgahı olmuşdur. Həsən Cəlalın sülaləsindən olan knyazlar və ruhanilər, o cümlədən Həsən Cəlal Allahverdi bəy monastırın ərazisində dəfn edilmişdir. Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra Çar sinodunun qərarı 1836-cı ildə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmuş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni-Qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədləri qriqorianlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş ya da saxtalaşdırılmışdır. Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin min cür saxta oyunlarla erməniləşdirilməsi və mənimsənilməsi cəhdləri son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın vaxtilə işğal altında olmuş torpaqlarında bir dənə də olsun alban məbədinin tarixi siması olduğu kimi saxlanılmamışdır. Qafqaz Albaniyasının tarixi-mədəni irsini mənimsəyərək özünə saxta tarix yaratmaq həm keçmişə, həm də gələcəyə qarşı çıxmaq, mehriban qonşuluq və dinc birgə yaşayışın əsaslarını baltalamaqdır. Eyni siyasətin bu gün də davam etməsi və Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Tarix olduğu kimi öyrənilməli, yazılmalı və təqdim edilməlidir. Biz, bu torpağın ilk xristianları, öz tarixi və dini-mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərini qətiyyətlə rədd edirik. Tarixi reallıq sübut edir ki, Qafqaz Albaniyasının tarixi-siyasi və mədəni-dini irsi bu gün ayrı-ayrı etnosların, dinlərin və etiqadların əsrlərlə tolerantlıq şəraitində yaşadığı Azərbaycan dövlətinə və Azərbaycan xalqına məxsusdur. Bu gün öz dilini, dinini, adət-ənənələrini yaşadan xristian icma olaraq biz dədə-babalarımızdan qalan müqəddəs mirasa bundan sonra da sahib çıxacaq və erməni saxtakarlığına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu gün biz udilər Qəbələ və Oğuzdakı kilsələrdə ibadət etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki qədim alban məbədlərində, o cümlədən "Gəncəsər", "Ağoğlan", "Xudavəng", "Amaras" və digər müqəddəs məkanlarda da sərbəst dini ayin və mərasimlər keçiririk. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Alban Apostol Kilsəsinin üzləşdiyi ədalətsizliyin aradan qaldırılması, tarixinin obyektiv şəkildə öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli fürsət yaranmışdır. Azərbaycan hökuməti mənsubiyyətindən asılı olmayaraq ölkədə bütün tarixi-dini abidələrin bərpası və təmiri sahəsində böyük işlər həyata keçirir, bu irsə xüsusi həssaslıqla yanaşır. O cümlədən Alban irsinə aid möhtəşəm abidələr, Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda "kilsələrin anası" hesab olunan apostol Yelisey məbədi, udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki "Çotari" və "Məryəm ana" kilsələri və s. bərpa edilərək dövlət qorumasına alınmışdır. Alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlara görə biz bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bir daha bəyan edirik ki, torpaqlarımız işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmuş və regionda yeni reallıqlar yaranmışdır. Nəhayət erməni tərəfi bu gerçəkliyi qəbul etməli, regionumuzun və xalqlarımızın əmin-amanlığı üçün son dərəcə zəruri olan sülh prosesinə mane olan hər cür addımlardan, revanşist təbliğatdan və tarixi həqiqətləri təhrif etməkdən birdəfəlik əl çəkməlidir. Biz dəfələrlə Qarabağa gedib dini ayinləri icra etmişik, orada uyuyan əcdadlarımızın ruhunu yad etmişik, yaxın vaxtlarda yenidən səfər etməyi planlaşdırırıq. Uca Yaradan yardımçımız olsun!"
Mənbə
oxu.az