ABŞ-ın Çin və Rusiyaya qarşı kosmik silahları açıqlandı
Amerikanın orbital silahları Rusiya və Çinin rabitə peyklərini müvəqqəti olaraq sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinin ölkənin kosmosda yerləşən silahlara malik olması barədə açıqlaması bu silahların imkanları ilə bağlı geniş şayiələrə səbəb olsa da, konkret cavablar hələ də məhduddur. Lakin ABŞ-ın mövcud sistemləri Rusiya və Çinin rabitə peyklərini məhv etmək üçün deyil, onların fəaliyyətini müvəqqəti olaraq pozmaq məqsədilə hazırlanıb.
ABŞ-ın arsenalına 2020-ci ildən bəri istifadədə olan “Counter Communications System”, bu ilin iyul ayından etibarən fəaliyyət göstərən daha yığcam və mobil “Meadowlands” sistemi, həmçinin istifadəsi artıq yekunlaşmaqda olan daha yüksək mobilliyə malik “Remote Modular Terminal” daxildir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynk Pentaqonun ilk dəfə olaraq kosmosa nəzarət məqsədilə hazırlanmış hücum silahlarının orbitə yerləşdirildiyini təsdiqləmişdi.