Digər

Məşhur türk serialında Uzun Həsən səhnəsi qalmaqal yaratdı - Video

16 Sep 2026, 16:13 2 baxış
Məşhur türk serialında Uzun Həsən səhnəsi qalmaqal yaratdı - Video

Ötən gün Türkiyənin “TRT 1” kanalında ölkəmizdə də bir çox insan tərəfindən sevilərək izlənilən “Mehmed: Fetihler Sultanı” serialının yeni sezonunun ilk bölümü yayımlandı.


Serialın builki sezonu Fateh Sultan II Mehmed ilə Azərbaycan-türk tarixinin qüdrətli hökmdarı, Ağqoyunlu Uzun Həsən Padşah Bayandurun mübarizəsinə həsr olunub.


Filmdə Venesiya elçisi Zenonun (filmdəki obrazın adı) Həsən padşahın hüzuruna ayaqyalın, başıaçıq, aşağı əyilərək, sürünərək gəlmə səhnəsi isə sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.


Maraqlıdır, Ağqoyunlu sarayında xarici elçilər və nümayəndələrin bu tərzdə, diplomatik protokolla qəbulu olub?


Kult.az xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev Globalinfo.az-a açıqlamasında Türkiyənin çəkdiyi çoxsaylı seriallarda tarixi saxtalaşdırma hallarına rast gəlindiyini bildirib:


“Ümumiyyətlə, türklərin əksər sənədlərində, kitablarında da bunu görmək olur. Xüsusilə Azərbaycan coğrafiyası, Azərbaycan türkləri tam başqa formada təqdim edilir. Misal üçün, hər kəs “Möhtəşəm yüzil" serialına baxıb. Orada Sultan Süleymanın Şah Təhmasibə münasibəti, onu şah kimi qəbul etməməsi təsvir edilir. Lakin heç bir tarixi mənbədə, rəsmi sənəddə belə bir fakt yoxdur ki, Sultan Süleyman Şah Təhmasibi şah kimi qəbul etməsin. Çünki bu iki hökmdar arasında yazışmalar olub. Hətta Hürrəm Sultan ilə Şah Təhmasibin bacısı arasında yazışmalar baş tutub. Heç bir formada bu yazışmalarda alçaldıcı üslub, ritorika olmayıb. Bu serialı çəkənlər sanki qəsdən xırda detallar verib bizi qıcıqlandırmağa çalışırlar.


Belə seriallar fantastik dərəcədə Azərbaycanı qıcıqlandırmağa çalışır. Məsələn, “Mehmed: Fetihler Sultanı” serialında Ağ Şəmsəddin obrazının Azərbaycan türkü olması qeyd edilməyib. Halbuki bu şəxs Fateh Sultan Mehmedin lələsi, yəni atabəyi olub. Atabəy institutu Azərbaycan türklərinə məxsus idi. Osmanlılara bizdən keçib. Bundan başqa, yeniçərilərin qeyd etdiyi “hü” ifadəsi də bizdən keçmədir. Osmanlı tarixindən əvvəl Azərbaycan dövlətlərində hətta Babək belə bu ifadəni döyüşlərdə işlədib.


Həmin serialda keçən sezonda Sara Xatun ilə II Mehmed arasında görüş səhnələri təqdim edilmişdi. Sara Xatunun geyimi yanlış idi. Sara Xatunun geyimini elə təsvir ediblər ki, sanki o, hansısa ərəb-fars ölkəsinin qadınıdır. Bizim qadınlarımız o tarixdə qara geyimdən istifadə etməyiblər. Xüsusilə saray aristokratik qadınlarında qara rəng olmayıb”.


Alim bildirib ki, yeni sezonda da çox səhv var:


“Məsələn, hökmdar özünün Həsən padşah olduğunu açıqca deyir. Lakin bizimkilər onu Uzun Həsən deyirlər. Ümumiyyətlə, ona “Uzun” ləqəbini Fateh Sultan Mehmed alçaltmaq məqsədilə deyib. Bizimkilər elə bilir ki, onun boyu uzun olub. Amma bu, düz deyil.


Filmdə hökmdarımız hind racaları kimi təsvir edilib. Bu da yanlışdır. Bu xırda detallar bizi incidir. Həsən padşah türk hökmdarıdır, onun geyimləri dövrün rəsmlərində əks olunub. Onunla bağlı yüzlərlə araşdırma var. O, elə geyinməyib.


Elçilərin qarşılanmasına gəldikdə isə, bu, hər dövrdə fərqli olub. Hər bir padşah elçi qarşılayanda elçibaşını aşağı əyilərək müəyyən məsafədə qarşılayardı. Lakin sürünmə və digər detallar doğru deyil. Bunlar, əslində alçaldıcı şeylərdir. Bizi, bizim hökmdarımızı neqativ göstərməyə hesablanıb.


Mənim gördüyüm yeganə real fakt filmdə Həsən padşahın “Mən türkü türkə qırdırmaram” dediyi səhnədir. Nəhayət, bunu vermək cəsarətini özlərində tapıblar. Hətta Həsən padşahın özündən sonra varislərinə Osmanlı türkləri ilə döyüşməməsi üçün açıq vəsiyyəti var.


Son olaraq onu deyim ki, “Ağqoyunlu” deyə dövlət yoxdur. Dövlətin adı Dövləti-Bayanduriyyədir. Bu “Ağ qoyun, qara qoyun” ifadəsi rusların bizi alçaltmaq üçün verdiyi addır. Bizim tarixçilər də bunu belə saxlayıblar. Dövlət Bayanduriyyədir. Bayraqlarda ağ qoyun, qara qoyun tamğası, yaxud təsviri başqa mənadadır. Bu, güc-qüdrəti ifadə edir”.


Mənbə axar.az

Oxşar Xəbərlər