Mədəniyyət
Filmdən sonra: "Ladies First"
Turanə Hüseynli yazır... Bu yaxınlarda "qadınların təhsili azdır" arqumenti ilə izah etmək mümkün olmayan bir mövzu gündəmimə daxil oldu. Dünya İqtisadi Forumunun (World Economic Forum) araşdırmalarına görə, qadınlar bir çox ölkədə ali təhsildə kişiləri artıq üstələyirlər, amma ali təhsilli senior menecerlərin yalnız təxminən 29,5%-i qadındır. Yəni təhsil bərabərliyə yaxınlaşsa da, onun karyera nəticəsi eyni sürətlə bərabərləşməyib. Ən maraqlı statistik göstəricilərdən biri də karyera pilləsinin qırıq yeri ("broken rung") adlanan fenomendir. Problem yalnız qadının CEO ola bilməməsi deyil. Fərq çox vaxt ilk menecer vəzifəsinə yüksəlişdən başlayır. 2026-cı ilin qlobal analizində senior fərdi töhfəverici (senior individual-contributor) səviyyəsindən ilk menecer pilləsinə keçiddə qadın təmsilçiliyində median 18% düşüş qeydə alınıb. Sonra fərqin hər pillədə yığıla-yığıla böyüdüyünü görürük. Bir də analıq və karyera fasiləsi amili var. Dünya İqtisadi Forumunun 2025-ci il məlumatına görə, qadınların karyera fasiləsi götürmə ehtimalı kişilərdən 55,2% daha yüksəkdir və fasilələri də orta hesabla daha uzundur: qadınlarda 19,6 ay, kişilərdə isə 13,9 ay təşkil edir. Əsas səbəblərdən biri tam zamanlı valideynlik və qayğı məsuliyyətidir. Statistik mənzərəni təsvir etsək, məsələ yalnız qadına eyni masada daha az maaş verilməsində də deyil. Məsələ qadının həmin masaya çatmaq ehtimalının daha aşağı olması, ora daha gec çatması və ailə-qayğı yükünün karyera boyunca onun üzərində daha çox qalmasıdır. Kədərli olan budur ki, bu proses çox yavaş dəyişir. Dünya İqtisadi Forumunun 2025-ci il hesablamasına görə, iqtisadi iştirak və imkanlarda tam gender bərabərliyinə indiki sürətlə təxminən 135 il lazım ola bilər. Bütün bu statistik məlumatlara baxanda məndə belə bir sual yaranır: bəs bu problemin həll olunmamasının əsas faktoru nə ola bilər? Bəlkə bu, qarşı cinsin hadisələrə ümumi baxış formasından qaynaqlanır? Bəs yaşadığımız dünyanı olduğu kimi saxlayıb sadəcə cinslərin yerini dəyişsəydik, hadisələr necə dəyişərdi? Çox zehnimi yormadan məndən əvvəl bu sualın narahat etdiyi bir qrup yaradıcı şəxs tərəfindən bu il ekrana çıxan "Ladies First" filmini izləməyə qərar verdim. Biz artıq qadınların diskriminasiyaya məruz qaldığını bilirik. Film bizə yeni heç nə demir. "Ladies First" əslində "qadınlar dünyanı idarə etsəydi, necə olardı?" sualına real cavab verməyə çalışmır. Daha ağıllı bir fənd işlədərək dünyanı olduğu kimi saxlayır və sadəcə cinslərin yerini dəyişir. Damien obrazı bir anda kişilərin aşağı maaşlı işlərdə olduğu, mediada seksual obyektə çevrildiyi, iş yerində təcavüz və himayəkar münasibətlə üzləşdiyi, qadınların isə hakimiyyət və rəhbərlik mövqelərini tutduğu reallıqda oyanır. Məncə, məhz burada film çox yaxşı işləyir: eyni davranış qadına yönələndə yüzillərlə "normal", kişiyə yönələndə isə dərhal absurd görünür. Filmdə, məsələn, çox yaxşı bir səhnə var: paralel dünyada Səudiyyə Ərəbistanının nəhayət kişilərə maşın sürməyə icazə verməsi xəbər kimi təqdim olunur və qadınlar bunu rahat, bir qədər himayəkar tonla müzakirə edirlər. Gülünc görünür, amma onun real tarixdəki qarşılığını bilirsən deyə zarafatın işləmə səbəbi aydın olur. Çünki qadının başına gələndə normal qəbul etdiyimiz bir çox detal kişinin başına gələndə komediyaya çevrilir. Bəlkə də bəzi şeylərin nə qədər absurd olduğunu anlamaq üçün sadəcə ünvanını dəyişmək lazımdır. Filmi bir az başqa yerdən də oxusaq, bu, əslində matriarxat haqqında film deyil. Güc haqqında filmdir. Çünki filmin qurduğu alternativ dünyada qadınlar hakimiyyətə gələndə tamam başqa bir sistem yaratmırlar; mövcud patriarxal sistemin eynisini kişilərə tətbiq edirlər. Bəzi tənqidçilərin filmə əsas iradı da məhz budur: "qadınların qurduğu dünya"nı təsəvvür etmək əvəzinə, sadəcə qadınları stereotipik dominant kişilərin yerinə qoyurlar. Amma paradoksal olaraq, bu, həm də filmin zəifliyi yox, məqsədinə xidmət edən tərəfidir. Çünki film "qadın hegemoniyası daha yaxşı olardı" demir. Damien üçün də empatiya məhz burada başlayır. Bərabərsizliyi statistikadan öyrənmir, onu bədənində yaşayır. Yəni bir kişiyə qadınların əsrlərdir yaşadığı dünyanı cəmi bir gün yaşatmaq lazım gəldi ki, onun nə qədər qəribə olduğunu görə bilsin.
Mənbə
oxu.az