Dünya
Malvin adaları ətrafında gərginlik artır: Argentina Britaniya və İsrailə nota verdi
Mübahisəli Malvin (Folklend) adaları ətrafında Buenos-Ayresin razılığı olmadan neft yataqlarının işlənməsi planlarına etiraz olaraq, Böyük Britaniya və İsrailin Argentinadakı səfirləri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən Cənubi Amerika ölkəsinin XİN-i məlumat yayıb. "Argentina XİN Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də İsrailin səfirlərini rəsmi etiraz notalarının şəxsən təqdim edilməsi üçün dəvət edib. Keçirilən görüşlərdə "Sea Lion" layihəsinin irəliləməsi və bununla bağlı bütün fəaliyyətlər qətiyyətlə pislənilib", - deyə məlumatda vurğulanır. Nazirlik, həmçinin Britaniya hökumətinin mübahisəli ərazilərdə biznes fəaliyyəti ilə bağlı dərc etdiyi tövsiyələri də qınayıb. Mətndə qeyd olunur: "Bunun vasitəsilə Birləşmiş Krallıq Malvin, Cənubi Georgiya və Cənubi Sendviç adalarında, eləcə də onlara bitişik dəniz sahələrində qeyri-qanuni kommersiya fəaliyyətini və karbohidrogen hasilatını təşviq etmək niyyətindədir". Argentina hökumətinin mövqeyinə görə, Böyük Britaniya bu addımları ilə BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsini açıq şəkildə pozur. Həmin sənəd suverenliklə bağlı mübahisənin sülh yolu ilə həlli prosesi başa çatana qədər həm Argentinanı, həm də Birləşmiş Krallığı adalar ətrafındakı vəziyyətə təsir edə biləcək birtərəfli hərəkətlərdən çəkinməyə çağırır. Sentyabrın 3-də Argentina Prezidenti Xavyer Miley xalqa müraciətində Malvin adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərəcəyini bəyan edib. Buna səbəb kimi Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətləri tərəfindən neft yataqlarının istismarı layihəsinin tezliklə işə salınması göstərilib. Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatında iştirak edən 60 hüquqi və fiziki şəxsə qarşı sanksiyaların tətbiqi və məhkəməyə müraciət edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Qeyd edək ki, Malvin (Folklend) adaları sahəsi 12 min kvadrat kilometrdən bir qədər çox olan 2 böyük və 800-ə yaxın kiçik adadan ibarətdir. Əhalisinin sayı isə təxminən 3200 nəfərdir. Artıq iki əsrdir ki, bu ərazilər Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin mövzusu olaraq qalır. 1982-ci ilin aprelində iki dövlət arasında silahlı münaqişə baş verib. İki aydan artıq davam edən hərbi əməliyyatlarda 649 hərbçisini itirən Cənubi Amerika ölkəsi məğlub olub. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib. Argentina BMT mexanizmləri vasitəsilə adaların Böyük Britaniyaya məxsus olmasını mübahisələndirməyə davam etsə də, tərəflər hələlik hər hansı bir kompromisə gələ bilməyiblər.
Mənbə
oxu.az