Dünya
15 illik rekord yeniləndi: İtalyan şahzadəsinin doqquz yaşlı oğlu Monblana qalxdı
İtalyanəsilli britaniyalı Lelio Massimo di Rokkasekka Monblan dağının zirvəsinə qalxmağı bacaran ən gənc alpinist kimi tarixə düşüb. Oxu.Az-ın "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, Londonda anadan olmuş 9 yaşlı uşaq Qərbi Avropanın ən hündür nöqtəsini fəth edib. Nəşr qeyd edir ki, o, atası şahzadə Valerio Massimo di Rokkasekka ilə birlikdə 4 807 metr hündürlüyə qalxıb. Daha öncə isə gənc alpinist İsveçrədəki Bishorn (4 153 m) və Qran-Sasso-d'İtaliya (2 912 m) dağlarına çıxıb. Lelionun sözlərinə görə, onun növbəti hədəfləri Eger (3 970 m) və Matterhorn (4 478 m) zirvələridir. Qəzetin yazdığına görə, Monblan dağına qalxmaqda bundan əvvəlki rekord britaniyalı Eşer Silverə məxsus olub. O, 2009-cu ildə atası ilə birlikdə sözügedən zirvəni fəth edəndə 10 yaşı var idi. Yeni rekordçunun atası isə Monblana 14 yaşında olarkən qalxıb. Şahzadə Valerio yetkinlik çağında Everest (8 848 m) və Çoqori (8 614 m) kimi dünyanın ən yüksək dağlarında da olub. Məqalədə vurğulanır ki, Massimo sülaləsi öz köklərini Roma Respublikası dövründən götürən zəngin və qədim tarixə malikdir. Nəşrin məlumatına əsasən, şahzadə Valerionun əcdadları arasında Roma Papası vəzifəsini tutanlar da olub. 52 yaşlı alpinistin özü investisiya sahəsində bizneslə məşğuldur. Kembric Universitetinin məzunu olan Valerio britaniyalı yazıçı Aleksandra Massimo di Rokkasekka ilə ailəlidir. Onlar 2018-ci ildə Londondan Romaya köçüblər. Dinozavrlara böyük marağı olan Lelio nəşrə müsahibəsində gələcəkdə paleontoloq olmaq istədiyini bildirib.
Mənbə
oxu.az