Azərbaycanda işıq pulu ləğv edilə bilər
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?
Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Vüqar Bayramov vətəndaşların bərpa olunan enerjidən istifadə etməsinin artıq bir sıra ölkələrdə tətbiq olunduğunu deyib.
“O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib”, - deputat bildirib.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:
“Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir”.
Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:
“Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər”.