Cəmiyyət

Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? - VİDEO

11 Sep 2026, 21:16 2 baxış
Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? - VİDEO
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən "Uğur 2" yaşayış kompleksinin sakinləri liftlərin istifadəsinə tətbiq olunan məhdudiyyətlərdən və ödəniş tələblərindən narazıdırlar. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərdən biri üç ildir bu binada yaşadığını və bir müddət əvvəl onlara lift üçün xüsusi kart təqdim olunduğunu deyib: "Kartı verəndə işləyirdi. İndi isə üç gündür bloka salınıb, mənzilimə qalxa bilmirəm. Səbəbini soruşanda aydın məlumat vermirlər. Bildirirlər ki, guya pul ödəməli və müqavilə bağlamalıyıq".

Digər bir sakin isə kart sisteminin tətbiq olunmasının əsas məqsədinin pul yığmaq olduğunu iddia edir: "Ötən gün yaxınlaşıb bildirdim ki, ailəm və uşaqlarım evə qalxa bilmirlər. Sistemi tətbiq edəndə xəbərdarlıq etməmişdilər ki, kartlar bloklanacaq və əlavə pul tələb olunacaq. Hər mənzilə üç kart verilib, əlavə hər bir kart üçün isə beş manat tələb edirlər". Məsələ ilə bağlı "Uğur 2" yaşayış kompleksinin xəzinədarı Kəmalə Əliyeva bildirib ki, məhdudiyyət borclarla əlaqədardır: "Mənzil sahiblərinin liftdən istifadəsi kommunal borclarını ödəmədiklərinə görə dayandırılıb. Sakinlər ödəniş etməyəndə liftlərin təmiri və digər təsərrüfat problemlərinin həlli çətinləşir. Bu səbəbdən kommunal ödənişlərin vaxtında həyata keçirilməsi tələb olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər