Törəçidən çağırış: Dil Birliyi yaradaq...
Çölçü İctimai Birliyinin başqanı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Türk törə dəyərləri araşdırmaçısı, yayımçı Eltən Törəçi dilimizin söz imkanlarının araşdırılması ilə bağlı gənclərə çağırış edib.
Axar.az xəbər verir ki, Törəçi bu məqsədlə Çölçü İctimai Birliyinin nəzdində “Çağdaş Öztürkcə Dil Özəyi”nin yaradıldığını bildirib.
“Son illər sosial şəbəkələrdə, xüsusilə Feysbukda Azərbaycan dilinin söz ehtiyatı ilə maraqlanan, unudulmuş sözləri üzə çıxaran, alınma sözlərə türkcə qarşılıq axtaran, qədim mətnləri və digər türk xalqlarının dillərini araşdıran xeyli gənc var. Ancaq bu işi görənlər əsasən ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Biri köhnə kitabdan söz tapır, biri kəndində yaşayan, amma şəhərdə az qala unudulmuş sözü paylaşır, digəri eyni anlayışın qazax, qırğız, özbək və ya Türkiyə türkcəsində necə ifadə olunduğunu araşdırır. Məncə, bu adamların ayrı-ayrılıqda gördüyü işi bir araya gətirməyin vaxtıdır. Əlbir olub Dil Birliyi yaradaq”, - Törəçi qeyd edib.
Onun sözlərinə görə, yeni özəyin məqsədi hər alınma sözə süni şəkildə yeni qarşılıq düzəltmək deyil. Əsas prinsip əvvəlcə dilin öz yaddaşına baxmaqdır:
“Çağdaş Öztürkcə Dil Özəyi” yalnız sosial şəbəkə qrupu kimi fəaliyyət göstərməyəcək. Məqsəd araşdırma aparan insanların görüşdüyü, sözləri və qaynaqları müqayisə etdiyi, müzakirə etdiyi canlı bir çalışma çevrəsi yaratmaqdır.
Toplanan materialların gələcəkdə sistemləşdirilərək “Çağdaş Öztürkcə” sözlüyü və kitabı şəklində hazırlanması da nəzərdə tutulur. Hazırlanan işin Azərbaycanla yanaşı digər türk dövlətlərinin universitetlərinə, dilçilərinə və türkoloqlarına təqdim edilməsi planlaşdırılır”.