İqtisadiyyat
Prezidentin təsdiqlədiyi Dövlət Proqramının məqsədləri açıqlanıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nın təsdiqi üçün sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində institusional və normativ hüquqi baza formalaşmış olsa da, qlobal trendlər fonunda rəqəmsallaşma, sektorlararası inteqrasiya və risk əsaslı yanaşmanın dərinləşdirilməsi əsas prioritetlər kimi çıxış edir. Mövcud imkanlardan səmərəli istifadə edilməsi və müəyyən edilmiş zəif tərəflərin aradan qaldırılması 2027-2032-ci illər ərzində dayanıqlı və effektiv qida təhlükəsizliyi sisteminin formalaşdırılmasına şərait yaradacaq. - Dövlət Proqramı üzrə strateji baxış çərçivəsində aşağıdakılara nail olunacaq: - qida zəncirinə nəzarətin gücləndirilməsi yolu ilə əhalinin sağlam və təhlükəsiz qida ilə davamlı təmin edilməsinə; - istehlakçıların sağlam qidalanma vərdişlərinin artırılmasına və ictimai nəzarətin gücləndirilməsinə; - qida məhsullarının yeni ixrac bazarlarına çıxarılması istiqamətində icazələr alınmasının təmin edilməsinə; - qida subyektləri ilə əməkdaşlıq çərçivəsində onların fəaliyyətinin qida təhlükəsizliyi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsinə; - zərərli orqanizmlərin bitkiçilik məhsullarına zərərinin minimuma endirilməsinə; - qida məhsullarının izlənilməsi sisteminin qurulmasının başa çatdırılmasına; - istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (bundan sonra - HACCP) tətbiqinin sürətləndirilməsinə. Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir: - milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi; - qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması; - qida təhlükəsizliyi sahəsində istehlakçıların və sahibkarların məlumatlılığının artırılması; - qida təhlükəsizliyinin təmin olunmasında istehlakçıların ictimai nəzarətinin gücləndirilməsi; - qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi; - qida istehsalı və emalı prosesində ekoloji cəhətdən təmiz və dayanıqlı metodların tətbiqinin təşviq edilməsi; - qida israfının qarşısının alınması üzrə tədbirlər görülməsi.
Mənbə
oxu.az