İqtisadiyyat
Prezidentin nümayəndəsi: "Şuşa mədəniyyətlərin yaxınlaşması üçün mühüm platformaya çevrilib"
"Biz milli təbiət mühafizə səylərimizi davamlı şəkildə genişləndiririk. Bu yaxınlarda iki yeni milli park yaradılıb. Hazırda Azərbaycanda 12 milli park və xüsusi mühafizə olunan təbiət ərazisi mövcuddur". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə doğru" müzakirədə deyib. O bildirib ki, mədəni əməkdaşlıq sayəsində hansı nəticələrə nail olmağın mümkünlüyünə dair artıq yaxşı nümunələr var: "2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə islam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri mədəniyyətlərimizin və institutlarımızın yaxınlaşması üçün mühüm platformaya çevrilib. Biz bu təcrübəni inkişaf etdirməli və eyni əməkdaşlıq ruhunu təbiətin və biomüxtəlifliyin qorunmasına da tətbiq etməliyik". "Milli parklarımız birbaşa əməkdaşlıq edə bilər. Alimlərimiz və təbiəti mühafizə ərazilərinin əməkdaşları birgə tədqiqatlar, təlimlər və biomüxtəlifliyin monitorinqini həyata keçirə bilərlər. Mədəni irsi təbiətin mühafizəsi ilə birləşdirməklə biz həm bu unikal landşaftların və ənənələrin qorunmasını gücləndirə, həm də onların beynəlxalq səviyyədə tanınmasını artıra bilərik. Gəlin, türk dünyası ölkələri arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq təməlinə söykənək", - deyə M.Babayev vurğulayıb.
Mənbə
oxu.az