İqtisadiyyat
Anar Quliyev: "Şəhərsalma iqlim öhdəliklərinin həyata keçirilməsi mexanizmidir"
"Qarşımızda duran məsələ artıq şəhərlərin iqlim fəaliyyəti baxımından əhəmiyyətli olub-olmaması deyil. Onların əhəmiyyəti aydındır. Məsələ ondan ibarətdir ki, biz tanınmış prioritetlərdən real icraya necə keçək və bunu nə cür ölçülə, miqyaslana bilən, davamlı edək". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib. O bildirib ki, milli iqlim öhdəlikləri məhz harada və necə tikinti aparmağımız, necə mənzil və infrastruktur yaratmağımız, insanların hərəkətini necə təşkil etməyimiz, torpaq və təbii sistemlərinin idarəçiliyini nə cür reallaşdırdığımız, eləcə də icmaları iqlim risklərindən necə qorumağımızla bağlı qərarlar vasitəsilə həyata keçirilir: "Məhz buna görə şəhər və ərazi planlaşdırılması çoxsaylı sahələrdən sadəcə biri deyil. Bu, öhdəliklərin həyata keçirilməsi mexanizmidir. Planlaşdırma iqlimlə bağlı ambisiyaları məkan prioritetlərinə və investisiya qərarlarına çevirir. Bu inteqrasiya olunmuş yanaşma böhrandan sonrakı infrastrukturun bərpası baxımından da eyni dərəcədə vacibdir. Azərbaycanın "Böyük Qayıdış" proqramı göstərir ki, yenidənqurma prosesi ərazi transformasiyasının uzunmüddətli prosesinə çevrilə bilər. Bu proses məkan planlaşdırılmasını, mənzil təminatını, infrastrukturu, ictimai xidmətləri və iqtisadi inkişafı birləşdirir, eyni zamanda dayanıqlılıq və davamlılığı ilkin mərhələdən etibarən özündə ehtiva edir".
Mənbə
oxu.az