Cəmiyyət

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

10 Sep 2026, 12:30 2 baxış
Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın bioqrafiyası Qarabağ münaqişəsinin ən qanlı səhifələri, Ermənistanın 2008-ci il mart hadisələri və son illərdə ölkəsində açılan cinayət işləri ilə “zəngindir”. O, vətəndaşı olduğu Azərbaycana qarşı ən çirkin əməliyyatlarda, həmçinin Xocalı faciəsində birbaşa məsuliyyət daşıyan şəxslərdən biridir.


Köçəryan vətəndaşı olduğu Azərbaycana qarşı xəyanətlərini və cinayətlərini açıq şəkildə təsdiqləyib. “Azadlıq” radiosunun müxbiri Fuad Qulubəylinin sualını cavablandıran Köçəryan bildirib ki, həmin illərdə sıravi döyüşçü olmayıb, Qarabağda “çox vacib və ciddi mövqedə” çalışıb və həyatının həmin səhifəsi ilə fəxr edir.


Bu dövr Qarabağ münaqişəsinin ən ağır nəticələri ilə yadda qalıb: Xocalıda yüzlərlə azərbaycanlının öldürülməsi, dinc əhalinin qətlə yetirilməsi, yaşayış evlərinin və tarixi abidələrin dağıdılması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması...


Yada salaq ki, Köçəryan 1954-cü ildə Xankəndidə doğulub, Azərbaycan vətəndaşı idi və vətənə xəyanət etmişdi, azərbaycanlılara qarşı qətliamlar törətmişdi.


Köçəryanın siyasi fəaliyyətinin digər qanlı səhifəsi isə 2008-ci il mart hadisələridir. 1998-ci ildə çevrilişlə prezident postuna gələn və 2008-ci ilə qədər vəzifədə qalan Köçəryan həmin ildə Ermənistanda ələ keçirdiyi vəzifəni həmyerlisi, daha bir Azərbaycan vətəndaşı Serj Sərkisyana ötürmüşdü (Sərkisyan da 1954-cü ildə Xankəndidə doğulub). Hakimiyyətin qəsb edilməsinə etiraz edən irəvanlılara qarşı isə güc tətbiq edildi və rəsmi məlumata görə, ən azı 10 nəfər qətlə yetirildi. Həmin vaxt prezident və silahlı qüvvələrin Ali Baş Komandanı olan Köçəryan martın 1-də İrəvanda 20 günlük fövqəladə vəziyyət elan etmişdi. Avropa İnsan Hüquqları Məhkəməsinin materiallarında həmin gün Ermənistan ordusunun İrəvanda cinayət törətməsi ilə bağlı sübutlar yer alır.


Başqa sözlə, Köçəryan bu dəfə vətəndaşı və prezidenti olduğu ölkəyə xəyanət edir və erməniləri qətlə yetirirdi. Görünür ki, bu cinayətkar xəyanət və qətlsiz yaşaya bilmir.


İndi isə Köçəryan Ermənistanda ağır korrupsiya ittihamları ilə gündəmdədir. Ermənistan Baş Prokurorluğu 2026-cı ilin avqustunda sabiq prezidentə vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamlarını irəli sürüb. Köçəryanın prezidentliyi dövründə dövlət əmlakını özünün və onunla əlaqəli şəxslərin xeyrinə bazar qiymətindən xeyli aşağı şərtlərlə ələ keçirdiyi də iddia olunur. Avqustun 27-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Köçəryanın barəsində həbs qətimkan tədbiri seçib.


Cinayət cəzasız qalmır və mütləq nəticəsi olur.


Vətənə xəyanətin də mütləq bədəli olur.

Mənbə axar.az

Oxşar Xəbərlər