Dron hücumu: iki azərbaycanlı həlak oldu - Video
Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində Azərbaycanın 4 vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.
Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərinə dəstək” İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisi dron hücümüna məruz qalıb. Gəminin göyərtəsində Azərbaycanın 4, Türkiyənin 3, Almaniyanın 2, Ukraynanın 1 vətəndaşı olub.
Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 dron hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.
Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.