Dünya
Skott Bessent: "Aİ ölkələri Ukrayna üzrə danışıqlarda vasitəçi olmaq istəmirlər"
"Rusiya-Ukrayna münaqişəsi üzrə üçtərəfli danışıqlar formatında vasitəçi rolunu yenidən ABŞ üzərinə götürəcək, çünki Avropa ölkələri bu prosesdə iştirak etmək istəmirlər". Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə nazir Skott Bessent "Breitbart News" telekanalında keçirilən müzakirə zamanı deyib. "Danışıqlar aparılmasa, biz Rusiya-Ukrayna münaqişəsini dayandıra bilməyəcəyik. Danışıqların necə başa çatacağını bilmirəm, amma bir şeyi dəqiq bilirəm: əgər məsələ üçtərəfli danışıqlara gəlib çıxsa, ABŞ mərkəzdə olacaq, çünki avropalılar bu prosesdə iştirak etmək istəməyəcəklər", - Bessent dəqiqləşdirib. Xatırladaq ki, sentyabrın 5-i və 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması üzrə Moskva və Kiyevdə danışıqlar aparıblar. Onlar ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin üçtərəfli görüşünü təşkil etmək niyyətində olduqlarını bildiriblər. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin sentyabrın 8-də telefonla danışıblar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər Uitkoff və Kuşnerin səfərlərini müsbət qiymətləndiriblər.
Mənbə
oxu.az