Cəmiyyət
Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?
"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb. Qeyd edək ki, PISA 2025-də 91 ölkə və region iştirak edib. Riyazi savadlılıq üzrə Sinqapur 563 balla birinci, Makao (Çin) 550 balla ikinci, Çin Taybeyi isə 546 balla üçüncü olub. Azərbaycan 422 balla 49-cu yerdə qərarlaşıb. Ölkənin nəticəsi əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişməyib. Bakı üzrə göstəricilərə nəzər saldıqda isə 2018-ci ildə 420, 2022-ci ildə 397, 2025-ci ildə 460 bal qeydə alınıb. Beləliklə, paytaxtın nəticəsi 2018-ci illə müqayisədə 40 bal, 2022-ci illə müqayisədə isə 63 bal artıb. İƏİT üzrə orta balda son dörd qiymətləndirmə dövründə geriləmə müşahidə olunub. 2015-ci ildə 490 bal olan göstərici 2018-ci ildə 489, 2022-ci ildə 472, 2025-ci ildə isə 463 bal təşkil edib. Müqayisə üçün, Almaniyanın riyazi savadlılıq üzrə nəticəsi 2015-ci ildə 506 baldan 2025-ci ildə 463 bala, Fransanın göstəricisi 493 baldan 458 bala, İsrailin nəticəsi 470 baldan 433 bala, Serbiyanın nəticəsi isə 448 baldan 417 bala enib. Türkiyənin göstəricisi 2015-ci ildəki 420 baldan 2025-ci ildə 462 bala yüksəlib. Birləşmiş Ərəb Əmirliklərində nəticə 427 baldan 453 bala, Səudiyyə Ərəbistanında isə 373 baldan 390 bala yüksəlib. PISA 2025-də iştirak edən 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib, 16-sı irəliləyiş göstərib, 62-si isə geriləyib.
Mənbə
oxu.az