İqtisadiyyat
Vüqar Süleymanov: "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır"
"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır". Oxu.Az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib: "Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir. Lakin mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür. Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir. Minalarla çirklənmiş ərazilər eko-sistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaradır. Minaların dağıdıcı təsiri nəticəsində insanlar həyatlarını itirir və ya ciddi xəsarətlər alır. Vətən müharibəsi başa çatandan bu günədək 438 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib". Vüqar Süleymanovun sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərir ki, risklərin idarə olunması yalnız baş vermiş hadisəyə reaksiya verməklə məhdudlaşmamalıdır: "Əsas məqsəd təhlükəni əvvəlcədən müəyyən etmək, düzgün qiymətləndirmək, aidiyyəti qurumları vaxtında məlumatlandırmaq və insanların həyatını qorumaq üçün qabaqlayıcı tədbirlər görməkdir. 44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300.565 hektar ərazi təmizlənib və 261705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çay ətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31.037 hektar, həmçinin kənd təsərrüfatı üçün 132.447 hektar, yaşayış infrastrukturun inkişafı üçün 71.202 hektar, energetika infrastrukturu üçün 12.443 hektar, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8.447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib".
Mənbə
oxu.az
Oxşar Xəbərlər