Dünya

Fransada anomal istilər pendirlərin dadını və rəngini dəyişir

08 Sep 2026, 03:31 2 baxış
Fransada anomal istilər pendirlərin dadını və rəngini dəyişir
Fransada anomal isti hava və quraqlıq bir sıra pendirlərin dadının və rənginin dəyişməsinə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb. Nəşr qeyd edir ki, sərt konter pendirinin istehsal olunduğu Jura dağ massivində otlaqların quruması səbəbindən heyvandarlar inəkləri qış dövrü üçün nəzərdə tutulan otla daha tez yemləmək məcburiyyətində qalırlar. Bununla yanaşı, bildirilir ki, qida rasionunun dəyişməsi artıq südə təsir edib. "Adətən sarımtıl rəngdə olan süd ağ rəngə çevrilib. Nəticədə pendirin içi qışdakı kimi daha ağ olacaq", - deyə yerli pendir istehsal müəssisələrindən birinin əməkdaşı Jülyet Mer bildirib. Öz növbəsində, BFMTV telekanalı qeyd edir ki, quraqlıq səbəbindən Fransanın ayrı-ayrı rayonlarında yem bitkilərinin məhsuldarlığı adi göstəricidən 40-50% aşağı olub. Hakimiyyət mənşə yeri qorunan bir sıra fransız pendirlərinin istehsalına dair tələbləri müvəqqəti olaraq yumşaldıb. Onların arasında bofor, rebloşon, kantal, abondans və furm-d'Amber də var. Fransada 2026-cı ilin yayında ekstremal isti hava hökm sürüb. Bununla əlaqədar departamentlərdə ən yüksək hava təhlükəsi səviyyəsi elan edilib, ölkənin cənub-qərbində meşə yanğınları səbəbindən təxliyə edilənlərin sayı isə 220 000 nəfər təşkil edib. Yanğınların sahəsi 42 000 hektara çatıb ki, bu da son iki onillik üzrə tarixi maksimum olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər