İdman
Messi və Ronaldu eyni komandada oynayacaqlar: Tarixi görüşün vaxtı açıqlandı
Lionel Messi ("İnter Mayami") və Kriştianu Ronaldu ("Ən-Nəsr") Argentina milli komandasının keçmiş hücumçusu Karlos Tevesin vida matçında eyni komandada oynamağa razılıq veriblər. Oxu.Az GOAL nəşrinə istinadən xəbər verir ki, bu barədə Teves özü bəyan edib. Qarşılaşmanın 2026-cı ilin dekabrında Buenos-Ayresdəki "Bombonera" stadionunda keçirilməsi planlaşdırılır. "Mən həmişə Kriştianu və Leonu eyni komandada görmək istəyirdim. Onlar bütün dövrlərin ən böyük oyunçularıdır. Onlarla, xüsusən də Kriştianu ilə əlaqə saxladım. Ona dedim: "Kriştianu, bütün dünyanın bir dəfə də olsun bu sehrli anı görməsi üçün sənin və Messinin mənim vida matçımda eyni komandada oynamağınızı istəyirəm". O, gələcəyini bildirdi. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi razılaşdı. Çox həyəcanlıyam, bu matç son dərəcə duyğusal olacaq", - deyə o vurğulayıb. Qeyd edək ki, Teves Messi ilə birgə Argentina millisində, Ronaldu ilə isə "Mançester Yunayted"də çıxış edib.
Mənbə
oxu.az