Cəmiyyət
Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər - FOTO
Azərbaycanda səfərdə olan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, ziyarət zamanı qonaqlar Zəfər parkı haqqında ətraflı məlumatlandırılıb. Qeyd edilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44 olan Zəfər tağı inşa edilib. Vurğulanıb ki, Zəfər parkı Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığı və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsindədir. Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir. Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Səfər proqramının ilk mərhələsində nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi abidəsi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə tanış olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az