İqtisadiyyat
Azərbaycanda binaların elektron enerji pasportunu formalaşdıran yeni rəqəmsal sistem hazırlanır
"Azərbaycanda isə enerji səmərəliliyi ilə bağlı öhdəliklər var". Oxu.Az xəbər verir ki, bu fikirləri Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması" adlı dəyirmi masada deyib. O xatırladıb ki, 2027-ci ildən yeni tikilən binaların, eləcə də əsasən köhnə binaların sertifikatlaşdırılması artıq məcburi olacaq: "Amma burada, təbii ki, istisnalar var. Məsələn, tarixi və memarlıq abidələri, mürəkkəb tikililər, kombinə edilmiş binalar və xüsusilə fərdi yaşayış evləri istisna təşkil edir. Türkiyədə şərtlər bir qədər sərtdir. Azərbaycanda isə enerji səmərəliliyi ilə bağlı öhdəliklər var. Bizdə hələ o qədər sərt tələblər yoxdur. Amma hesab edirik ki, Türkiyədə də bu proses başlayanda tələblər indiki qədər sərt olmayıb. Daha sonra proses mərhələli şəkildə enerji səmərəliliyinin artırılması istiqamətində davam edib". C.Mikayılov vurğulayıb ki, Azərbaycan da eyni addımlarla davam edəcək: "Təbii ki, ən sadə formada başlayırıq. Əvvəldə, çıxışımda da qeyd etdiyim kimi, hazırda binaların enerji səmərəliliyinin pasportlaşdırılması üçün elektron sistem hazırlanır. Türkiyədə olduğu kimi, burada da layihəçi sistemə daxil olacaq və binanın layihəsi ilə bağlı məlumatları sistemə yerləşdirəcək. Məsələn, binanın hündürlüyü, divarların qalınlığı, istifadə olunan izolyasiya materialının növü, pəncərələrin növü, işıqlandırma göstəriciləri və digər məlumatlar sistemə daxil ediləcək. Bütün bu məlumatları daxil etdikdən sonra sistem binanın illik olaraq hər kvadratmetr üçün nə qədər enerji istehlak edəcəyini avtomatik hesablayacaq və binaya müəyyən enerji səmərəliliyi sinfi verəcək: A, B və ya C. Azərbaycanda da mövcud qanunvericilik A, B və ya C sinfinə uyğun gələn binaların tikintisinə imkan verir. Yəni bizdə də təxminən eyni sistem olacaq. Layihəçilər sistemə daxil olacaq, lazımi məlumatları yerləşdirəcək və hesablamanı sistem vasitəsilə aparacaqlar. Daha sonra enerji pasportu da elektron sistem tərəfindən formalaşdırılacaq. Bununla əlaqədar olaraq "Septem" şirkəti ilə birlikdə artıq təxminən üç aydır iş aparırıq. Bu prosesi oktyabr ayında yekunlaşdırmaq niyyətindəyik".
Mənbə
oxu.az