Dünya
Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?
İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. Oxu.Az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər. Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin artan dinamikasını yüksək qiymətləndirərək yüksəksəviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən ixtisaslaşmış görüşlərə toxunan Fərzanə Sadiq həmin görüşlərdə qəbul olunan qərarların icrasına nəzarət etmək üçün birgə komitələrin yaradılması prosesinin sürətləndirilməsinə çağırıb. Son regional gərginliklər nəticəsində nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkən iranlı nazir deyib: "Mövcud problemlərə baxmayaraq, zədələnmiş nəqliyyat marşrutlarının bərpası prioritet məsələdir və icra olunan infrastruktur layihələrinin tamamlanması prosesi fasiləsiz davam edir". O, Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsini iki ölkə prezidentlərinin iradəsi ilə əlaqələndirib. Telefon danışığı zamanı Şahin Mustafayev də dəmir yolu layihələrinin icrasının gedişatından razılığını ifadə edərək deyib: "Azərbaycan ərazisində Ağbənd qəsəbəsinə qədər olan dəmir yolu xətti tamamlanıb. İrana aparan hissənin başa çatdırılması ilə biz regionun tranzit və logistika imkanlarında əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq". Şahin Mustafayev İranın Yol və Şəhərsalma Nazirliyinin infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətindəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Söhbətin sonunda tərəflər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, strateji və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini regionda sabitlik və inkişafın əsas istiqamətlərindən biri kimi vurğulayıblar.
Mənbə
oxu.az