Dünya
Türkiyədə körpülər və iri avtomobil yolları özəlləşdiriləcək - Yeni QƏRAR
Türkiyə hökuməti Bosfor boğazı üzərindəki iki körpünün, eləcə də bir sıra avtomobil magistralları və dairəvi yolların 30 il müddətinə özəlləşdirilməsi barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qərarı "Resmi Gazete"də dərc olunub. Türkiyə Avtomobil Yolları Baş İdarəsinin tabeliyində olan "15 Temmuz Şehitleri" və Fateh Sultan Mehmet körpüləri, həmçinin onlara aid dairəvi və giriş yolları, xidmət obyektləri, texniki xidmət və istismar mərkəzləri, ödəniş məntəqələri və digər əlaqəli infrastruktur obyektləri özəl sektora verilə bilər. Özəlləşdirmə proqramına, həmçinin Niğde-Pozantı avtomagistralı, Qaziantepdəki dairəvi yol və Bursadakı dairəvi yolun bir hissəsi daxil edilib. Bundan başqa, 2010-cu ildə özəlləşdirmə proqramına daxil edilmiş, lakin bir sıra səbəblər, o cümlədən biznes dairələrindən layiqli təkliflərin olmaması səbəbindən özəl sektora verilməyən avtomobil yolları və körpülər də satışa çıxarılacaq. Onların arasında Edirne-İstanbul-Ankara, Pozantı-Tarsus-Mersin, Tarsus-Adana-Qaziantep, Toprakkale-İskəndərun, Qaziantep-Şanlıurfa, İzmir-Çeşme və İzmir-Aydın avtomobil yolları, həmçinin İzmir və Ankara dairəvi yolları var. Özəlləşdirmə ilə bağlı bütün formal prosedurlar 31 dekabr 2031-ci ilədək başa çatdırılmalıdır.
Mənbə
oxu.az