İqtisadiyyat

Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO

05 Sep 2026, 11:12 7 baxış
Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO
Avropa yeni qış mövsümü ərəfəsində enerji bazarında ciddi sınaqla üz-üzədir. Qitənin qaz anbarları yalnız 61% doldurulub ki, bu da son 13 ilin ən aşağı göstəricisidir. Səbəblər də məlumdur: İrandakı müharibə, yaydakı anomal istilər və keçən ilin soyuq qışı. Qazın qiyməti ilin əvvəli ilə müqayisədə artıq iki dəfə artıb. Qiymət artımı Avropada qaz anbarlarının doluluq nisbətinin ötən illə müqayisədə aşağı olduğu vaxta təsadüf edir. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Gas Infrastructure Europe"nin (GIE) məlumatına görə, Avropadakı anbarların doluluq nisbəti hazırda 61.40 faiz, Almaniyada isə 50.06 faizdir. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74 və 67 faiz olub. Qaz anbarlarının doluluq səviyyəsinin mövsüm üçün aşağı həddə qalması, qlobal qaz bazarında rəqabətin güclənməsi və geosiyasi qarşıdurmalar Avropa ölkələrində qaz təminatının sabitliyi ilə bağlı narahatlıqları artırıb. Enerji böhranının yenidən gündəmə gəlməsi xüsusilə sənaye və əhali üçün qaz və elektrik qiymətlərinin yüksəlməsi riskini artırır. Qərb mediası və ekspertləri hazırkı vəziyyəti "Avropada qaz yoxdur" kimi qiymətləndirməyin tərəfdarı deyillər. Onların qənaətincə, əsas problem qazın fiziki olaraq tamamilə tükənməsi deyil, qış aylarında tələb artdığı zaman kifayət qədər qazı münasib qiymətlə təmin etmək məsələsidir. Avropa Komissiyası da iyul ayında növbəti qış üçün qaz təhlükəsizliyi problemi olmadığını açıqlamışdı. Lakin qurum anbarların doldurulmasının və hazırlığın davam etdirilməsinin də vacibliyini vurğulamışdı.
Hazırda "qış gəlməmiş anbarlar kifayət qədər doldurula biləcəkmi?" sualı ön plana çıxıb. Qaz anbarları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa Komissiyasının məlumatına görə, qış aylarında Aİ-də istehlak olunan qazın 35 faizədək hissəsi anbarlardan təmin edilə bilər. Buna görə də anbarlardakı aşağı göstərici xüsusilə soyuq hava şəraitində bazara əlavə təzyiq yaradır. Rusiya qazı ilə bağlı qərar qüvvəyə minir Vəziyyəti gərginləşdirən həm də odur ki, yanvar ayında Aİ Rusiya qazının qitəyə idxalını qadağan edən qanun layihəsini rəsmi olaraq təsdiqləyib. Mayeləşdirilmiş təbii qaz idxalına tam qadağa 2027-ci ilin əvvəlində, boru kəməri qazının idxalı ilə bağlı qərar isə 2027-ci ilin payızında qüvvəyə minəcək. Aİ-yə qaz idxalına icazə almaq üçün mənşə ölkəsinin yoxlanılması proseduru tələb olunacaq. Yeni qaydalara əməl edilməməsi fiziki şəxslər üçün maksimum 2.5 milyon avro, hüquqi şəxslər üçün isə 40 milyon avro, şirkətin ümumi illik dövriyyəsinin 3.5%-i və ya təxmini əməliyyat dövriyyəsinin 300%-i məbləğində cərimə ilə nəticələnəcək. Yalnız Macarıstan və Slovakiya qanunun əleyhinə səs veriblər.
Avropada dövlətlər hansı bazar payına malikdir? Məlumat üçün qeyd edək ki, 2022-ci ildən sonra Rusiya qazının Avropa bazarındakı payı kəskin şəkildə azalıb. Avropa Komissiyasının məlumatına əsasən, Rusiya qazının Aİ idxalındakı payı 2021-ci ildəki 45 faizdən 2025-ci ildə 12 faizə düşüb. Eyni zamanda LNG-nin payı 20 faizdən 45 faizə yüksəlib. Bu dəyişiklik Avropaya enerji mənbələrini şaxələndirmək imkanı versə də, digər tərəfdən qitəni qlobal LNG bazarından daha çox asılı vəziyyətə gətirib. Norveç hazırda Avropanın əsas qaz təchizatçılarından biridir. ABŞ LNG-si də Avropanın enerji balansında mühüm rol oynayır. 2025-ci ildə Aİ qaz idxalının təxminən 31 faizi Norveçin, 26 faizi ABŞ-nin, 13 faizi Şimali Afrikanın, 4 faizi isə Azərbaycanın payına düşüb.
LNG bazarında da ciddi rəqabət var Avropanın qaz təhlükəsizliyinə təsir edən əsas amillərdən biri LNG bazarındakı rəqabətdir. Avropa boru kəmərləri ilə əvvəlki həcmdə Rusiya qazı ala bilmədiyindən mayeləşdirilmiş təbii qaza daha çox üstünlük verir. Lakin LNG yalnız Avropanın ehtiyacı deyil. Asiya ölkələri, xüsusilə Çin və digər böyük istehlakçılar da eyni bazardan qaz almağa çalışırlar. Bu isə tələbin artdığı dövrlərdə qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Bundan əlavə, 2026-cı ildə Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazında yaranmış problemlər qlobal LNG ticarətinə ciddi təsir göstərib. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2026-cı ildə Qətər və BƏƏ-dən LNG tədarükünün birlikdə təxminən 45 faiz azalması gözlənilir. Bunun bir hissəsinin Şimali Amerika, Afrika və Avstraliyadakı yeni layihələrin hesabına kompensasiya olunacağı proqnozlaşdırılır.
Əvvəlki enerji böhranlarından fərqli olaraq hazırda Avropa artıq daha geniş LNG infrastrukturu və daha çevik qaz bazarına malikdir. 2022-ci ildən sonra yeni LNG terminallarının istifadəyə verilməsi Avropanın alternativ mənbələrdən qaz alma imkanlarını genişləndirib. Avropa Komissiyası da bu infrastrukturun aşağı anbar səviyyələrini müəyyən dərəcədə kompensasiya edə biləcəyini bildirir.
Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO Qiymət iki dəfə artıb, anbarlar isə boşdur: Avropanı çətin qış gözləyir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər