Cəmiyyət
Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qəbulun ikinci mərhələsində portal.edu.az platforması vasitəsilə 23 min 541 nəfər müsabiqədə iştirak edib. Onlardan 8 min 791 nəfəri müsabiqədən keçib. Müsabiqədən uğurla keçən namizədlər sentyabrın 10-u saat 18:00-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı əvvəlki illərin məzunları attestatın əslini, cari ilin məzunları isə elektron attestatın çap olunmuş nüsxəsini təqdim etməlidirlər. Bundan əlavə, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, şəxsi kabinetdən avtomatik çıxarılan ərizə nümunəsi, 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul olunanlar isə müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır.
Mənbə
oxu.az