Ukraynanın şok planı: Hava limanlarını iflic edəcək
Ukrayna Rusiya iqtisadiyyatını sarsıtmaq və Moskvaya müharibəyə son qoymaq üçün təzyiq göstərmək səylərinin bir hissəsi olaraq, Rusiya hava limanlarının yaxınlığında PUA-ların mövcudluğunu artırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Ukrayna Prezidenti Vladimir Zelenski aviaşirkətlərə Rusiyanın hava məkanının tamamilə təhlükəli hala gəldiyi barədə xəbərdarlıq etdi. Ukrayna hərbçilərinin sözlərinə görə, Zelenskinin açıqlamaları Rusiya hava limanlarının ətrafına uçuşların tamamilə dayandırılmasına səbəb olacaq qədər çoxlu dron yerləşdirmək planını əks etdirir”, - məlumatda qeyd olunub.
Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının sözçüsü Sergey Bratçuk nəşrə açıqlamasında bildirib ki, bu, Rusiya Federasiyasının Avropa hissəsində mülki hava nəqliyyatını iflic etməyə yönəlmiş davamlı təzyiqə keçiddir.
Nəşrin məlumatına görə, Ukrayna sərnişin təyyarələrinə hücumların və mülki əhalinin ölümünün qarşısını alacağına söz verib:
“Ukraynanın istəyi PUA hücumları səbəbindən Rusiya hava limanlarında uçuş və enişlərin dayandırılması ilə bağlı "Xalça” planının genişləndirilməsidir.
Avqust ayında Rusiya hava məkanına daxil olan Ukrayna dronlarının sayı təxminən 16 minə çatıb.
Aviasiya təhlükəsizliyi mütəxəssislərinin fikrincə, dronların çoxluğu və onları vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti mülki təyyarələr üçün artan risklər yaradır. Hava hücumundan müdafiə sistemləri tərəfindən yalançı GPS siqnallarının ötürülməsinin geniş istifadəsi mülki hava nəqliyyatını çaşdıra bilər".