RİH-dən Goranboydakı partlayışla bağlı açıqlama
2 sentyabr 2026-cı tarixdə gecə saatlarında Goranboy rayonunun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Hadisədən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası toplantı keçirib və hadisə olan əraziyə yollanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavin, Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rayon İcra Hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlər həyata keçirilib:
"Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumun, hadisənin, yanğın hadisəsinin ərazisinin genişləndirməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata görülüb. Vacib məsələlərdən biri, qeyd etdiyim kimi, əhalinin təhlükəsizliyinin təmin olunmasıdır ki, bununla da bağlı bütün zəruri tədbirlər həyata keçirilib, əhali tam təhlükəsiz qaydada, təhlükəsiz yaxın ərazilərə köçürülüb.
Bununla bağlı da Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət stasionar postlar qurulub, kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur.
Xoşbəxtlikdən heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur. Əhali tam təhlükəsiz qaydada, şəraitdə hazırda təhlükəsiz ərazilərdə nəzarətdə saxlanılır. Yanğının söndürülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər. Həmin ərazi qapalı məkan olduğuna görə oradakı hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".