Cəmiyyət

Marşrutlarda yaranan gecikmə və sıxlıqla bağlı məsul qurumdan AÇIQLAMA - VİDEO

31 Aug 2026, 13:28 2 baxış
Marşrutlarda yaranan gecikmə və sıxlıqla bağlı məsul qurumdan AÇIQLAMA - VİDEO
Bakıdakı 65 və 79 nömrəli avtobus marşrutlarında yaranan gecikmə və sıxlıqla bağlı məsələyə şirkətdən münasibət bildirilib. Məsələ ilə bağlı "Xaliq Faiqoğlu" şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 65 nömrəli müntəzəm marşrut xəttində 20, 79 nömrəli xətdə isə 16 ədəd iritutumlu və müasir tələblərə cavab verən avtobus sərnişinlərə xidmət göstərir. Qeyd olunub ki, 65 nömrəli xətt üzrə avtobusların hərəkət intervalı 4-5 dəqiqə, 79 nömrəli xətt üzrə isə 6-7 dəqiqədir. Şirkətdən bildirilib ki, marşrutlar üzrə avtobusların hərəkət etdiyi küçə və prospektlərdə xüsusi avtobus zolaqlarının çəkilməsi əlavə olaraq sərnişin daşımasının keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. "Bəzi hallarda avtobusların hərəkət trayektoriyasında yer alan küçə və prospektlərdə müşahidə edilən sıxlıq və tıxac, eləcə də hərəkətin məhdudlaşması müəyyən gecikmələrə, interval pozulmalarına səbəb ola bilər. Çalışırıq, bu kimi hallardan maksimum dərəcədə yayınaraq sərnişinlərimizi rahat və sürətli şəkildə mənzil başına çatdıraq", - deyə açıqlamada qeyd olunub. Bakıda 2, 65 və 79 nömrəli avtobus marşrutlarının fəaliyyəti ilə bağlı sərnişinlərdən narazılıq daxil olub. Oxu.Az-a müraciət edən sərnişinin sözlərinə görə, qeyd olunan marşrutlar üzrə avtobuslar bəzən uzun fasilələrlə hərəkət edir. Bu isə dayanacaqlarda sərnişinlərin uzun müddət gözləməsinə səbəb olur. Müraciətdə bildirilir ki, avtobus, nəhayət, gəldikdə isə sərnişinlərin çoxluğu səbəbindən nəqliyyat vasitəsində ciddi sıxlıq yaranır.

Sərnişinlər marşrutlar üzrə avtobusların intervalının tənzimlənməsini və problemin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını xahiş edirlər. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər