Dünya
"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi
ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib. Oxu.Az xəbər verir ki, bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb. "Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki, o cümlədən ABŞ üçün GNIS-dəki ad dəyişikliklərini nəzərə alaraq "Google Maps" xəritələrini yeniləyib. Beləliklə, ABŞ-dəki xəritə istifadəçiləri gölün adını "Amerika gölü", Kanadadakı istifadəçilər isə əvvəlki kimi "Ontario gölü" olaraq görəcəklər. ABŞ və Kanadadan kənarda olan istifadəçilərə isə hər iki ad göstəriləcək. Şirkətdən qeyd edilib ki, dəyişiklik müxtəlif ölkələrdə fərqli adlandırılan coğrafi obyektlərlə bağlı mövcud siyasətə uyğundur və artıq tətbiq olunmağa başlayıb. Xatırladaq ki, avqustun 27-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin iştirakı ilə Ontario gölünün adının "Amerika gölü" olaraq dəyişdirilməsi barədə fərman imzalayıb. Ontario gölü Şimali Amerikada Kanada və ABŞ sərhədində yerləşən beş böyük göldən biridir. Gölün sahəsi təxminən 19 min kvadratkilometr, orta dərinliyi isə 86 metrdir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər