Dünya
Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli memorandum imzalayıb
Finlandiya və İsrail arasında hərbi-texniki sferada tərəfdaşlığa dair gizli şəkildə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Oxu.Az xəbər verir ki, müvafiq məlumatı şənbə günü Finlandiyaya məxsus "Yle" agentliyi yayımlayıb. Məlumatda görə, əsas hədəf İsrail və Finlandiya arasında hərbi təyinatlı məhsulların alınması, işlənib hazırlanması və tədqiqatı istiqamətində əlaqələri təmin etməkdir. Bildirilir ki, Müdafiə qurumu bu barədə cəmiyyəti məlumatlandırmadığına görə sənədin detalları bəlli deyil. Memoranduma uyğun olaraq, tərəflər ən azı ildə bir dəfə görüşlər keçirən ortaq koordinasiya qrupu təsis ediblər. 2013-cü ildə hazırlanan sənədin qüvvədə olma müddəti bitdiyi üçün Finlandiya tərəfi onun vaxtının uzadılması təşəbbüsü ilə çıxış edib. Nəşrə görə, diqqətçəkən məqam odur ki, 2024-cü ilin əvvəllərində memorandumun ənənəvi olaraq beş il deyil, birdəfəlik on il müddətinə uzadılması barədə qərar qəbul edilib. Razılaşma iki ölkənin müdafiə nazirlikləri arasında yazılı formada təsdiqlənib. Finlandiyanın cavabında İsrail ölkələr arasındakı münasibətləri ortaq dəyərlərə və ortaq maraqlara əsaslanan unikal tərəfdaşlıq adlandırıb.
Mənbə
oxu.az