İqtisadiyyat
SOCAR Xəzərdə ilk dəfə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda dəniz dibində yerləşdirilən stansiyalar texnologiyasından istifadə etməklə yüksək dəqiqlikli 3D seysmik kəşfiyyat layihəsinin (3D-HD OBN) icrasına başlayıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, işlər SOCAR SWG (Shallow Water Gunashli - Dayazsulu Günəşli - red.) layihəsi çərçivəsində aparılır. Bu layihə infrastrukturun yüksək sıxlığı ilə xarakterizə olunan sahədə "Ocean-Bottom Node" (OBN) texnologiyasının tətbiqi üzrə SOCAR üçün ilk təcrübədir, işlərin aparıldığı zonada 15 platforma və sualtı kommunikasiyaların şaxələnmiş şəbəkəsi yerləşir. Geofiziki tədqiqatların əsas məqsədi yatağın bütün ərazisinin keyfiyyətli məlumatlarla tam əhatə olunmasını təmin etmək və ehtiyatların sonrakı qiymətləndirilməsi, eləcə də yatağın işlənməsi üzrə planların hazırlanması üçün yerin təkinin geoloji quruluşu barədə daha ətraflı məlumat əldə etməkdir. Qeyd olunub ki, işlərin sıx istehsalat infrastrukturu şəraitində aparılması hərtərəfli ilkin planlaşdırma tələb edib. Əməliyyatlar başlamazdan əvvəl fəaliyyət göstərən obyektlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməklə risklərin kompleks təhlili (HAZID) və potensial təhlükələrin müəyyən edilməsi həyata keçirilib. Bundan əlavə, sifarişçi ilə birgə eyni vaxtda aparılacaq əməliyyatların (SIMOPS) planı hazırlanıb. Bu plan bütün cəlb olunmuş komandaların fəaliyyətinin əlaqələndirilməsini təmin edir. Hazırda dənizdə aparılan işlər aktiv mərhələdədir. Qəbuledici kabel xətlərinin təxminən 75%-i yerləşdirilib, əməliyyat avadanlığının fasiləsiz yerdəyişməsi mərhələsinə (rolling phase) keçib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər