Dünya
MKİ rəhbərinin Rusiyaya məxfi səfəri: Trampın xüsusi tapşırığının detalları bəlli oldu
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliffi şəxsən Rusiyaya göndərib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Retkliffin missiyası o qədər məxfi olub ki, hətta Ağ Evin bəzi rəsmiləri bu barədə əvvəlcədən məlumatlandırılmayıblar. Nəşr qeyd edir ki, adətən belə səfərlər barədə məlumat verilən ABŞ-nin hərbi rəhbərliyinin nümayəndələri və Trampın etibarlı köməkçiləri MKİ rəhbərinin Kremlə hansı mesajı çatdıracağından xəbərsiz olublar. Məlumata əsasən, avropalı rəsmilər yalnız səfər baş tutduqdan sonra bu barədə təfərrüatı öyrənməyə məcbur qalıblar. Yazıda iki avropalı rəsmiyə istinadən bildirilir ki, Retkliff rusiyalı həmkarlarına ABŞ-nin Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinə sadiq qaldığını çatdırıb. Bundan əlavə, nəşrə danışan adları açıqlanmayan Birləşmiş Ştatlar və Avropa rəsmiləri qeyd ediblər ki, Retkliff Moskvada Rusiya-İran əməkdaşlığını və Ukrayna ilə danışıqların intensivləşdirilməsini müzakirə edib. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin MKİ rəhbəri Con Retkliff ilə Moskvada keçirilən görüşdə kəşfiyyat xidmətlərinin səlahiyyətlərinə aid olan məsələləri müzakirə etdiyini bildirmişdi.
Mənbə
oxu.az