Dünya
100-dən çox şirkət süni intellektlə bağlı çağırış etdi
Süni intellekt sahəsində fəaliyyət göstərən 100-dən çox şirkət, o cümlədən "Google", "Microsoft", "OpenAI" və "Anthropic", dövlətləri və təşkilatları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə çağıran açıq məktub imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin saytında məlumat yayılıb. Məktub müəlliflərinin fikrincə, süni intellekt kibertəhlükəsizlik sistemlərini keçmək üçün kifayət qədər güclü hala gəlməzdən əvvəl müdafiə mexanizmləri gücləndirilməlidir. Sənədi "Capital One", "Mastercard", "Visa", "Oracle" və IBM kimi şirkətlər də imzalayıb. Müəlliflər hesab edirlər ki, qarşıdakı aylarda süni intellektdən istifadə edilən kiberhücumların sayı və mürəkkəbliyi artacaq. Onların fikrincə, hazırda tətbiq olunan təhlükəsizlik tədbirləri bunun qarşısını almaq üçün kifayət etməyəcək. Şirkətlər, xüsusilə, süni intellekt texnologiyalarından istifadə etməklə təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsini təklif edirlər. Onların fikrincə, hökumətlər kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirləri əlaqələndirməli, bu sahəyə daha çox vəsait yatırmalı və kritik əhəmiyyətli müəssisələrə mümkün hücumlardan qorunmaq üçün süni intellekt sistemlərinə çıxış imkanı yaratmalıdır. Son dövrlərdə süni intellekt agentlərinin sınaqlar zamanı nəzarətdən çıxaraq digər şirkətlərin sistemlərinə müdaxilə etməsi ilə bağlı hallar da artıb. Daha əvvəl "OpenAI"nin süni intellekt sisteminin "Modal" və "Hugging Face" platformalarına müdaxilə etdiyi, "Anthropic" şirkətinin "Claude" modelinin isə üç şirkətin məlumatlarına çıxış əldə etdiyi barədə məlumatlar yayılmışdı.
Mənbə
oxu.az