Dünya
Rubio ABŞ-nin İrana qarşı yeni strategiyasını açıqlayıb
ABŞ-nin dövlət katibi Marko Rubio Birləşmiş Ştatların müttəfiqlərinə bildirib ki, ölkəsi hazırkı mərhələdə İrana qarşı yeni hərbi zərbələr endirməyi planlaşdırmır, amma rəsmi Tehrana qarşı sanksiyaları daha da sərtləşdirəcəklər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı özəl mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Birləşmiş Ştatlar hərbi hücumlar əvəzinə əsas diqqəti digər təzyiq vasitələrinə, o cümlədən İrana qarşı sanksiyaların tətbiqinə yönəltmək niyyətindədir. "Rubio ABŞ-nin irimiqyaslı hərbi əməliyyatları bərpa etmək fikrində olmadığını açıq şəkildə ifadə etsə də, İrandan ilk hücum gələcəyi təqdirdə cavab zərbələrinin istisna olunmadığını bildirib", - deyə nəşr adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb. Digər bir mənbənin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazının minalardan təmizlənməsi münaqişədə dönüş nöqtəsi hesab olunur, çünki bu addım İranın əsas təsir rıçaqlarından birini əhəmiyyətli dərəcədə zərərsizləşdirib. Hazırda ABŞ Administrasiyası Hərbi Dəniz Qüvvələrinin blokadası və yeni sanksiyaların tətbiqi yolu ilə Tehrana təzyiqləri artıraraq İrana qarşı birbaşa hərbi toqquşmalardan yayınmağa çalışır. ABŞ-li məmurlardan biri vurğulayıb ki, mövcud siyasət ən azı 2026-cı ilin noyabrında ölkədə keçiriləcək aralıq seçkisinə qədər davam etməlidir. Yalnız bundan sonra amerikalılar yeni hərbi kampaniyanın həyata keçirilməsi imkanlarını nəzərdən keçirə bilərlər.
Mənbə
oxu.az