Dünya
Ermənistanda siyasi gündəmi silkələyən hadisə: Koçaryanın həbsi tələb olunur
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə keçmiş prezident, "Ermənistan" blokunun lideri Robert Koçaryan da daxil olmaqla, altı şəxsin həbs edilməsi ilə bağlı vəsatət təqdim olunub. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Bu gün xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində saxlanılan altı şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə təqdim edilib. Onların arasında keçmiş prezidentin oğlu, həmçinin 1999-2009-cu illərdə hökumət malikanələri təsərrüfatının direktoru və onun ailə üzvləri də var. Saxlanılan keçmiş prezident R.Koçaryan isə zəruri tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə gətiriləcək", - məlumatda bildirilir. Avqustun 25-də Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryan barəsində cinayət işi açıldığını açıqlayıb. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Bu iş çərçivəsində keçmiş prezident Serj Sarqsyanın da adı hallanır. O, Koçaryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışıb. Bundan başqa, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları "Ermənistan" fraksiyasının deputatı və keçmiş prezidentin oğlu Levon Koçaryanın mənzilində, həmçinin Koçaryan ailəsi ilə əlaqəli şirkətlərdə axtarışlar aparıblar.
Mənbə
oxu.az