Dünya
Belçikada quşçuluq fermasında infeksiya: 300-dən çox insan salmonellyoza yoluxub
Belçikanın şimal-şərqindəki Kempen bölgəsində yerləşən quşçuluq müəssisəsində infeksiya ocağının yaranması nəticəsində 300-dən çox insan salmonellyoz xəstəliyinə tutulub. Oxu.Az xəbər verir ki, bu barədə avqustun 25-də "Het Laatste Nieuws" (HLN) qəzeti məlumat yayıb. Məlumata əsasən, xəstəlik ən azı 306 nəfərdə aşkar edilib. Bu yoluxma halı Belçikada aparılan müşahidələr tarixində ən irimiqyaslı salmonellyoz yayılması kimi qeydə alınıb. Bu məlumatı Belçikanın Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyi (FAVV) də təsdiqləyib. Qurumdan həmçinin bildirilib ki, daha səkkiz Avropa ölkəsində - Niderland, Lüksemburq, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Çexiyada yumurtalar satışdan geri çağırılıb. Bununla belə, həmin dövlətlərin sakinləri arasında salmonella infeksiyasına yoluxma hallarının olub-olmadığı hələlik məlum deyil. Yoxlamalara Flandriyanın Gel şəhərindən olan "Laerco BV" istehsalçısının məhsulları səbəb olub. Təxminən iki həftə əvvəl şirkət FAVV ilə birlikdə salmonella təhlükəsi ehtimalına görə sərbəst gəzən toyuqların yumurtalarını geri çağırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər