Dünya

Türkiyədə "Alparslan Kuytul" dini təşkilatının istintaqında dəhşətli iddialar: Adam oğurluğu, işgəncə, fiziki zorakılıq...

25 Aug 2026, 11:16 2 baxış
Türkiyədə "Alparslan Kuytul" dini təşkilatının istintaqında dəhşətli iddialar: Adam oğurluğu, işgəncə, fiziki zorakılıq...
Türkiyədə Adana Baş Prokurorluğu tərəfindən "Alparslan Kuytul cinayət təşkilatı" ilə bağlı aparılan istintaq çərçivəsində yeni iddialar ortaya çıxıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, istintaq sənədlərinə daxil olan ifadələrdə təşkilatın öz daxilində yaratdığı qrup vasitəsilə insanları dindirdiyi, adam oğurluğu, fiziki zorakılıq (döymək), elektroşokerlə işgəncə verməsi və məcburən sənəd imzalatma kimi üsullara əl atdığı iddia edilib. Qeyd edək ki, Adana Baş Prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində Adana mərkəzli 6 əyalətdə 49 ünvanda eyni vaxtda əməliyyatlar keçirilib. Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla, 56 şübhəli saxlanılıb. Məhkəmə prosesinin sonunda Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla, 35 şübhəli həbs edilib, 18 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib, 3 nəfər isə prokurorluq tərəfindən sərbəst buraxılıb. Şübhəlilərə qarşı "Cinayətkar təşkilat yaratmaq, idarə etmək və üzv olmaq" maddəsi başda olmaqla, müxtəlif ittihamlar irəli sürülür. İstintaqın ən diqqətçəkən məqamlarından biri iş adamı Koray Sarısaçlının ifadələri olub. Sarısaçlının iddiasına görə, əvvəllər qaçırılaraq günlərlə saxlanılıb, döyülüb və elektroşoka məruz qalıb və sənədlər imzalamağa məcbur edilib. İş adamının müxtəlif tarixlərdə verdiyi altı ayrı ifadədə adam qaçırma, təhdid, məcburən sənəd imzalama, şəxsi əmlak üzərində etibarnamə almağa cəhd və ailəsindən təzyiq vasitəsi kimi istifadə edilməsi istiqamətində iddialar yer alıb. Koray Sarısaçlı qaçırılaraq saxlanıldığı müddətdə təxminən 30 fərqli sənəd imzalamağa məcbur edildiyini, sənədlərindəki rəqəmlərin ona dollarla yazdırıldığını və ümumi məbləğin xatırladığı qədəri ilə 6-7 milyon dollara çatdığını irəli sürüb. İş adamı, həmçinin qeyd edib ki, təşkilata bəraət qazandıracaq şəkildə videolar çəkməyə məcbur edilib. Sarısaçlı bəzi təlimatların birbaşa Alparslan Kuytuldan gəldiyini də iddia edib. İddialara görə, təşkilat öz daxilində insanları dindirən və cəzalandıran bir qrup yaradıb, təşkilatdaxili qaydalara zidd hərəkət etdiyi düşünülən insanlar bu qrup vasitəsilə dindirilib və şiddətə məruz qalıb. Bəzi insanlar təzyiqə məruz qalıb, döyülüb və müxtəlif üsullarla etiraf etməyə və ya müəyyən hərəkətləri gerçəkləşdirməyə məcbur edilib. İstintaq yalnız zorakılıq və təşkilati formalaşdırılması iddiaları ilə məhdudlaşmır. Təşkilatın maliyyə fəaliyyəti də araşdırılır. İstintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş pulların yuyulması", "Fırıldaqçılıq", "Rəsmi sənədlərin saxtalaşdırılması" və "Vergi proseduru Qanununun pozulması" ittihamları da nəzərdən keçirilir. Həmçinin təşkilatın xeyrinə fəaliyyət göstərdiyi müəyyən edilən 349 sosial media hesabına girişin bloklanması qərarı verilib, 5 şirkətə idarəedici qəyyum təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər