Dünya
Danimarkanın baş naziri görünüşü ilə bağlı verilən məsləhətlərdən bezdiyini bildirib
Danimarkanın 48 yaşlı Baş naziri Mette Frederiksen xarici görünüşü ilə bağlı davamlı olaraq verilən arzuolunmaz məsləhətlərdən yorulduğunu bildirib. Oxu.Az xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Hökumət başçısı Ukraynaya səfərdən qayıtdıqdan sonra plastik cərrahdan burnundakı xalın götürülməsini təklif edən mesaj aldığını bildirib. "İllər ərzində xarici görünüşümlə bağlı nə qədər mesaj aldığımı artıq xatırlamıram", - deyə Frederiksen qeyd edib. Baş nazirə xüsusilə dişləri, saçları və burnundakı xal ilə bağlı arzuolunmaz şərhlər edildiyi, həmçinin ona kosmetik prosedurlar tövsiyə olunduğu bildirilib. Frederiksen plastik cərrahın adını açıqlamadan onun mesajının ekran görüntüsünü paylaşıb və verdiyi cavabı nümayiş etdirib: "Mən öz bədənimdən razıyam və bir kişi plastik cərrahın bu barədə rəyinə həqiqətən də ehtiyacım yoxdur!" Danimarka baş naziri qeyd edib ki, başqa insanların xarici görünüşünə müdaxilə etmir və özü ilə bağlı da eyni münasibəti gözləyir. Frederiksen əlavə edib ki, insanlar ona yazmaq istəyirlərsə, vaxtlarını xarici görünüşü ilə bağlı şərhlərə deyil, daha əhəmiyyətli mövzulara sərf etmələrini arzulayır. O, bu cür tövsiyələrin onda qəzəb doğurduğunu bildirərək, xarici görünüşü ilə bağlı cəmiyyətdən təzyiq hiss edən insanlara dəstəyini ifadə edib.
Mənbə
oxu.az