Dünya
Güclü yağışlar Tayvanı cənginə aldı: Dörd mindən çox sakin təxliyə edildi
Tayvanın cənubundakı bəzi rayonlardan güclü musson yağışları səbəbindən 4 mindən çox insan təxliyə edilib. Oxu.Az "Focus Taiwan"a istinadən xəbər verir ki, əsas təxliyələr Qaosyun və Pindun şəhər və rayonlarında həyata keçirilib. Dağlıq ərazilərdə sürüşmə təhlükəsi ilə bağlı 119 xəbərdarlıq elan edilib. Bəzi bölgələrdə daşqınlar və yolların dağılması qeydə alınıb. Tyanlyao rayonunda baş verən sürüşmə səbəbindən yol müvəqqəti olaraq bağlanıb. Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, güclü yağışların daha bir sutkadan çox davam edəcəyi gözlənilir. Bundan sonra adanın cənubunda hava şəraitinin sabitləşə biləcəyi, lakin güclü yağışların şimal bölgələrinə keçəcəyi bildirilir. Güclü yağışlar bazar günü Tayvanın cənub və şərq bölgələrini əhatə edib. Pindun, Qaosyun, Taynan, Taytung, Tszyayi və Hualyan əyalətlərində dövlət müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb, məktəblərdə isə dərslər təxirə salınıb.
Mənbə
oxu.az