Kriminal

"Söyüşü kəssin deyə çəkici tulladım" - Bakıda ögey atasına xəsarət yetirən gəncin məhkəməsi

24 Aug 2026, 17:16 3 baxış
"Söyüşü kəssin deyə çəkici tulladım" - Bakıda ögey atasına xəsarət yetirən gəncin məhkəməsi
Bakıda anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsə ağır xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işinin məhkəmə baxışı keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirləndirilənə ittiham aktını elan edib. Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bildiyini deyib. Daha sonra sərbəst ifadəsi zamanı o, anası ilə qeyri-rəsmi nikahda olan Ayəddin Muradovu qəsdən vurmadığını deyib: "Ayəddin mənim atalığımdır. Mən doğulan vaxtdan anamla vətəndaş nikahında yaşayırlar. Bizim normal münasibətlərimiz olub; atalıq da olsa, heç vaxt mənə əl qaldırmayıb. Amma mənimlə yola getmirdi, tez-tez evdə dava, mübahisələrimiz olurdu. Bunun da səbəbi onun həddən artıq içki qəbul etməsi idi. O, hətta anamı da içki içməyə öyrətmişdi. Hadisə baş verən gün evdə idim. Ayəddin anamla birlikdə sərxoş halda evə gəldilər. Onlara bu durumdan xoşlanmadığımı, narazılığımı bildirdim. Ayəddin mənə kəskin bir söyüş söydü. Bu mənə çox pis təsir etdi. Söyüşü kəssin deyə çəkici götürüb ona sarı tulladım. Bir də gördüm ki, gözünü tutub zarıyır, sifətindən qan axır. Bunu görüb dərhal "təcili yardım"a zəng elədim". Sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə zərərçəkənin sərbəst ifadə verməsi gözlənilir. Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 15-də Bakının Sabunçu rayonu ərazisində baş verib. Belə ki, Adəm İsgəndərov ailə münaqişəsi zəminində çəkiclə atalığı Ayəddin Muradovun göz nahiyəsinə zərbə vuraraq sağlamlığına ciddi zərər vurub. Faktla bağlı cinayət işi başlanılıb, Adəm İsgəndərov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma - iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər