İqtisadiyyat
Taxta və çınqıl bahalaşdı: Usta və fəhlə xərcləri necə dəyişib?
2026-cı ilin iyul ayında tikinti bazarında kəskin qiymət artımı qeydə alınmayıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Oxu.Az-a bildirilib ki, iyulda tikinti indeksləri üzrə hesablamaya görə, göstərici 106.9 səviyyəsində formalaşıb. 2025-ci ilin dekabr ayı - baza dövrü ilə müqayisədə tikinti xərcləri 6.9 faiz artıb. İyun ayında indeks 106.7 olub və aylıq artım 0.16 faiz təşkil edib. Hesablama median qiymət modeli, Laspeyres tipli kompozit indeks və sabit məhsul səbəti əsasında aparılıb. Kompozit göstəricidə tikinti materiallarının çəkisi 65 faiz, əmək qüvvəsinin - 25 faiz, maşın və mexanizmlərin çəkisi 10 faizdir. Materiallar üzrə alt indeks iyundakı 107.2-dən iyulda 107.6-ya yüksəlib. Səbət üzrə artım 0.38 faiz olub. Əsas bahalaşma taxta və doldurucu materiallarda qeydə alınıb. Dörd və altı metr uzunluğunda taxtanın 1 kubmetrinin qiyməti 360 AZN-dən 380 AZN-ə qalxaraq 5.6 faiz, çınqıl və atsepin qiyməti isə 30 AZN-dən 32 AZN-ə yüksələrək 6.7 faiz artıb. Sement, armatur, mişardaşı, alçıpan, qapı-pəncərə, dam örtükləri, döşəmə və üzlük materiallarının böyük hissəsində ciddi dəyişiklik olmayıb. Əmək qüvvəsi alt indeksi iyunda 106.1 olduğu halda iyulda 106.2 təşkil edib. Tamet işinin orta qiyməti 9 AZN/m²-dən 8 AZN/m²-ə enib, armatur işində cüzi azalma, bəzi doldurucu materialların daşınması və tətbiqində isə artım müşahidə olunub. Köməkçi fəhlələrin gündəlik əməkhaqqı 30-50 AZN, usta köməkçilərinin 35-55 AZN, hörgü və suvaq ustalarının 55-85 AZN, kafel-metlax ustalarının 80-140 AZN, elektrik, santexnika və qaynaq işlərində xidmət haqqı 40-90 AZN olub. Təkdaş hörgünün orta qiyməti 7 AZN/m², qara suvaq 6.5 AZN/m², kafel-metlax 12.5 AZN/m², düz alçıpan tavan isə 6 AZN/m² səviyyəsində formalaşıb. Kiçikhəcmli işlərdə çağırış və mobilizasiya xərcləri qiyməti artıra bilər. Maşın-mexanizm alt indeksi dəyişməyərək 103.8 olub. Ekskavator, kran və beton pompasının icarəsində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Mini ekskavatorların günlük icarəsi 200-320 AZN, bekoloder və JCB 270-400 AZN, 3-5 tonluq katoklar 150-250 AZN, 25 tonluq avtokranlar 350-550 AZN təşkil edib. Operator, yanacaq, çatdırılma, minimum iş saatı və mobilizasiya şərtləri yekun qiymətə təsir edir. AQP-nin iyul qiymətləri əsasında yenilədiyi smeta modelinə görə, çoxmənzilli yaşayış binasının torpaqsız birbaşa tikinti xərci təxminən 264.9 AZN/m², podratçı və developer gəliri, layihələndirmə, ekspertiza və digər əlavələrlə mənbə-model xərc 398 AZN/m²-dir. Bu rəqəm tam təhvil verilmiş müasir binanın maya dəyəri deyil. Lift, tam isitmə-soyutma və ventilyasiya, yanğın və zəif axın sistemləri, bəzi su və nasos avadanlıqları, mənzildaxili tam təmir və digər mühəndis sistemləri tam əhatə olunmayıb. Torpaq, ƏDV, maliyyələşdirmə, satış və marketinq, kommunal şəbəkələrə qoşulma da daxil edilməyib. Çatışmayan xərc blokları əlavə ssenari ilə hesablandıqda torpaqsız maya dəyərinin 750-900 AZN/m², mərkəzi göstəricinin isə 825 AZN/m² ola biləcəyi qiymətləndirilir. Bu göstəriciyə karkas, divarlar, fasad, dam, hidroizolyasiya, elektrik, su, kanalizasiya, yanğın təhlükəsizliyi, isitmə-ventilyasiya, liftlər, ümumi sahələr, mənzildaxili işlər, layihələndirmə, texniki nəzarət və podratçı üst xərcləri daxildir; torpaq, ƏDV, kredit faizləri, satış və reklam, qeyri-standart kommunal qoşulmalar və premium təmir ayrıca hesablanmalıdır. AQP-nin qiymətləndirməsinə görə, idxaldan asılı materiallar, logistika, əmək bazarında mövsümi tələb və mühəndis avadanlıqlarının idxal dəyəri növbəti aylarda əsas risklər olaraq qalır. Palata tikinti layihələrinin büdcələşdirilməsində materiallarla yanaşı, əmək, texnika, mühəndis sistemləri, podratçı xərcləri və tamamlanma səviyyəsinin nəzərə alınmasını vacib sayır.
Mənbə
oxu.az