Kriminal
MKA: "MilliÖn" adından fişinq kampaniyası aşkarlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "MilliÖn" brendinin adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlayıb. Oxu.Az xəbər verir ki, bu barədə MKA məlumat yayıb. Bildirilir ki, açıq mənbələr üzrə aparılmış monitorinq nəticəsində "MilliÖn" ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya aşkarlanıb. Kampaniya istifadəçilərə bir manat müqabilində mobil internet və danışıq paketi vəd edir. Aşkarlanan million-az.shop və millionaz.site domenlərində yerləşən səhifələr rəsmi ödəniş səhifəsi kimi təqdim olunur. Lakin formanın tələb etdiyi məlumat həcmi birmanatlıq ödəniş üçün gözləniləndən daha genişdir və kart sahibinin adı, kart nömrəsi, bitmə tarixi, CVV-kodu, telefon nömrəsi və IP ünvanını əhatə edir. Mənbə kodunun təhlili göstərir ki, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu, səhifələrin əsas məqsədinin ödəniş qəbul etmək deyil, kart rekvizitlərini toplamaq olduğunu göstərir. Kampaniyanın yayılması sosial şəbəkələr üzərindən aparılır. "TikTok" və "Instagram" platformalarında qanuni brendi təqlid edən hesablar aşkarlanıb, həmin hesablarda müxtəlif fişinq domenlərinə keçidlər yerləşdirilib. Ayrı-ayrı videoların baxış sayı 231 000 və 496 000-i keçir. Oxşar şablonun "AzərPay" adı altında da istifadə edilməsi kampaniyanın bir domen və ya bir hesabla məhdudlaşmadığını göstərir. Bu yanaşma bloklanan resursların qısa müddətdə yeniləri ilə əvəzlənməsi riskini artırır. Məsələnin əsas riski istifadəçilərin kart məlumatlarının ələ keçirilməsi və sonradan qanunsuz əməliyyatlarda istifadə olunmasıdır. Domenlərin bloklanması, sosial şəbəkə hesablarının bağlanması, bankların məlumatlandırılması və vətəndaşların açıq şəkildə xəbərdar edilməsi paralel aparılmalıdır.
Mənbə
oxu.az