Siyasət

Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri

24 Aug 2026, 12:56 2 baxış
Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri
"Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələnin əsasını qoydu". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov dövlət başçısının Özbəkistana səfərini şərh edərkən deyib. O bildirib ki, iki dövlət arasında əbədi dostluq haqqında sənədin imzalanması Prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən atılmış mühüm və tarixi addımdır:
"Azərbaycan və Özbəkistan artıq strateji tərəfdaş və müttəfiq dövlətlərdir. İndi isə iki ölkə münasibətlərini əbədi dostluq səviyyəsinə yüksəltməklə daha böyük məsuliyyət götürür. Təbii ki, əbədi dostluq yalnız bir-birinə siyasi baxımdan yaxın olan deyil, həm də müxtəlif sahələrdə inteqrasiya edən, qarşılıqlı etimad və həmrəylik nümayiş etdirən dövlətlər arasında mümkündür. Azərbaycanla Özbəkistan arasında münasibətlərin inkişaf dinamikası məhz belə bir mərhələyə gəlib çatıb. Burada ilk növbədə dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada xüsusi diqqət yetirmək lazımdır. Çünki dövlət başçıları arasındakı səmimi münasibətlər xalqlarımız arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri bu gün siyasi iradə və konkret layihələrlə yeni məzmun qazanır. Son illərdə ölkələrimiz arasında 150-dən çox sənədin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının əhəmiyyətli dərəcədə möhkəmlənməsinə imkan verib. Bu sənədlər siyasi münasibətlərdən tutmuş iqtisadiyyat, investisiya, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, logistika, humanitar və digər sahələrə qədər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu gün Azərbaycan və Özbəkistan çoxşaxəli əməkdaşlıq modeli formalaşdırıb və qarşıya gələcəyə hesablanmış kifayət qədər ambisiyalı hədəflər qoyublar". Deputatın sözlərinə görə, 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması, sənaye kooperasiyasının genişləndirilməsi, kənd təsərrüfatı, kimya, enerji, nəqliyyat-logistika, investisiya və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi bu əməkdaşlığın iqtisadi əsaslarını daha da gücləndirəcək:
"Hökumətlərarası Komissiyanın fəaliyyəti, investisiya şirkətləri arasında əməkdaşlıq və regionlararası forumlarda aparılan müzakirələr də münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə xidmət edir. Əslində, bütün bu mexanizmlər iki ölkənin yeni hədəflər müəyyənləşdirməsinə və əməkdaşlığı vahid yol xəritəsi üzrə inkişaf etdirməsinə imkan yaradır. Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də əməkdaşlığın yalnız dövlətlərarası səviyyədə qalmamasıdır. Bu münasibətlər şəhərlər və regionlar arasında da getdikcə daha sıx xarakter alır. Bakıda Özbəkistan, "Yeni Daşkənd"də isə Azərbaycan parkının yaradılması xalqlarımız arasındakı dostluğun simvolik ifadəsidir. Eyni zamanda, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, ali məktəb rektorlarının forumlarının keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili və digər təşəbbüslər humanitar əlaqələrin daha da dərinləşməsinə şərait yaradır". Millət vəkili vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ənənəvi diplomatik əlaqələr çərçivəsindən çox-çox kənara çıxıb:
"Siyasi etimad iqtisadi əməkdaşlıqla, iqtisadi tərəfdaşlıq humanitar əlaqələrlə, xalqlar arasındakı mənəvi yaxınlıq isə konkret birgə layihələrlə tamamlanır. Prezident İlham Əliyevin Özbəkistana səfəri və əbədi dostluq haqqında sənədin imzalanması məhz bu inkişafın məntiqi nəticəsidir. Azərbaycan və Özbəkistan bundan sonra yalnız strateji tərəfdaş və müttəfiq deyil, münasibətlərini uzunmüddətli və əbədi dostluq prinsipləri üzərində quran iki qardaş dövlət kimi çıxış edəcəklər. Əbədi dostluq haqqında sənəd, əslində, bu günə qədər görülən işlərin siyasi-hüquqi təsdiqi olmaqla yanaşı, gələcək nəsillər qarşısında da mühüm məsuliyyət yaradır. Bu məsuliyyət Azərbaycan və Özbəkistan arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızın ortaq maraqlarına xidmət edən yeni layihələrin həyata keçirilməsi və iki ölkənin regional və qlobal miqyasda daha sıx əməkdaşlıq etməsidir".
Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri Strateji müttəfiqlikdən əbədi qardaşlığa: Bakı və Daşkəndin yeni hədəfləri
Mənbə oxu.az

Oxşar Xəbərlər