Siyasət

Kamran Bayramov: "Azərbaycan və Özbəkistanın müttəfiqliyi Türk dünyasının gücünü artıracaq"

23 Aug 2026, 19:36 3 baxış
Kamran Bayramov: "Azərbaycan və Özbəkistanın müttəfiqliyi Türk dünyasının gücünü artıracaq"
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında tarixi köklərə söykənən münasibətləri yeni mərhələyə yüksəldib. Bu səfər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Onun sözlərinə görə, Daşkənddə keçirilən ali səviyyəli görüşlər, dövlət başçılarının qarşılıqlı etimadı və siyasi iradəsi tərəflərin həm ikitərəfli müstəvidə, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inteqrasiyası çərçivəsində geostrateji baxışlarının üst-üstə düşdüyünü bir daha göstərib. Deputat qeyd edib ki, səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan dövlətinin ali mükafatı ilə təltif edilməsi iki lider arasındakı səmimi dostluğun, həmçinin xalqlarımız arasında dərin mənəvi bağların və qarşılıqlı hörmətin göstəricisidir. K.Bayramovun sözlərinə görə, səfərin ən mühüm nəticələrindən biri dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"dir. O bildirib ki, bu sənəd iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza yaradır. Deputat vurğulayıb ki, müqavilə tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli inkişaf modellərini dəstəkləməsini, eləcə də qarşılıqlı təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. K.Bayramov iqtisadi və geostrateji baxımdan sənədin Mərkəzi Asiya ilə Qafqazı birləşdirən mühüm əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, energetika, kənd təsərrüfatı, "yaşıl" iqtisadiyyat, rəqəmsal texnologiyalar və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusilə Orta Dəhlizin tranzit potensialının artırılmasına imkan verəcək. Deputat qeyd edib ki, bərpaolunan enerji və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslər də iki ölkə arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın "yaşıl enerjisinin" Azərbaycandan keçməklə Avropaya nəqli layihələrinin həyata keçirilməsi iki ölkənin qlobal enerji xəritəsindəki rolunu gücləndirə bilər. K.Bayramov bildirib ki, rəqəmsal İpək Yolunun inkişafı, İKT və kosmik tədqiqatlar sahəsində təcrübə mübadiləsi Azərbaycan və Özbəkistanın yüksək texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlığını daha da genişləndirəcək. İmzalanmış sənədin humanitar və mədəni əhəmiyyətinə də toxunan deputat qeyd edib ki, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi, elmi-mədəni mübadilələr, regionlararası tərəfdaşlıq və turizmin təşviqi xalqlarımızın tarixi və mənəvi yaxınlığının gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Deputatın qənaətinə görə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və imzalanmış əbədi dostluq müqaviləsi Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin əsasını qoyub. Bu əməkdaşlıq həm iki ölkənin, həm də Türk dünyasının regional mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər