Siyasət

Deputat: "Azərbaycan-Özbəkistan müttəfiqliyi iqtisadi layihələrlə daha da güclənəcək"

23 Aug 2026, 20:00 3 baxış
Deputat: "Azərbaycan-Özbəkistan müttəfiqliyi iqtisadi layihələrlə daha da güclənəcək"
"Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq yalnız iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan-Özbəkistan müttəfiqliyinin mövcud potensialının genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır. Deputatın sözlərinə görə, müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi əlaqələrə yeni siyasi məzmun qazandırıb. Hazırda iki ölkə arasında 220-yə yaxın sənədi əhatə edən geniş müqavilə-hüquq bazasının formalaşması əməkdaşlığın sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir. S.Salmanova qeyd edib ki, səfər çərçivəsində əldə olunacaq yeni razılaşmaların əhəmiyyəti yalnız mövcud hüquqi bazanın genişləndirilməsi ilə məhdudlaşmır. Əsas məsələ siyasi iradənin konkret iqtisadi layihələrə, investisiyalara, birgə müəssisələrə və yeni əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, rəqəmsal texnologiyalar və turizm sahələrində birgə layihələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək. Deputat bildirib ki, Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri də münasibətlərin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsidir. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Şərqlə Qərbi birləşdirən strateji məkanlarda yerləşir. Bu coğrafi üstünlük iki ölkəni nəqliyyat, logistika və ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. S.Salmanova xüsusilə Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyətinin Azərbaycan-Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açdığını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Deputat vurğulayıb ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyəti həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından xüsusi məna daşıyır. "Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılmasına, qarşılıqlı bağlılığın gücləndirilməsinə və beynəlxalq arenada ortaq maraqların daha fəal müdafiəsinə xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin sadəcə növbəti diplomatik hadisəsi deyil, müttəfiqliyin praktiki nəticələrini daha da genişləndirəcək mühüm siyasi mərhələdir. Qarşıdakı dövrdə əsas vəzifə formalaşmış yüksək siyasi etimadı daha böyük iqtisadi nəticələrə, yeni sənaye və investisiya layihələrinə, geniş nəqliyyat-kommunikasiya imkanlarına və regionlararası əməkdaşlığın yeni modelinə çevirməkdir", - deyə o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər