Dünya
Tokayev prezident seçkisində yenidən iştirakı məsələsinə aydınlıq gətirib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısı seçkisində iştirakı ilə bağlı mülahizələrin vaxtından əvvəl olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. "Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Bu qərar qanunidir və təbiidir, mən də yenidən seçilmək hüququna qanuni qaydada sahibəm. Lakin qarşıda duran seçkiyə, yaxud sizin ifadə etdiyiniz kimi, seçkiyə qatılacağıma, yoxsa qatılmayacağıma və bunun hansı ildə baş verəcəyinə gəlincə, bu barədə mülahizə yürütmək vaxtından əvvəldir", - deyə o vurğulayıb. Respublika rəhbəri əlavə edib ki, prezident seçkisində iştirak etmək niyyətində olub-olmaması barədə 2027-ci ildə daha dəqiq fikir bildirə bilər. Qeyd edək ki, Konstitusiyaya əsasən, Qazaxıstan Prezidenti öz postunu bir dəfə yeddiillik müddətə tutmaq hüququna malikdir. Bu il yeni Konstitusiyanın qəbulundan sonra Qazaxıstanın Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, yenidən seçilmə birinci müddət hesab olunacaq və fəaliyyətdə olan dövlət başçısı seçkidə iştirak edə bilər. Tokayev ilk dəfə 2019-cu ildə Nursultan Nazarbayevin istefasından sonra prezident seçilib, daha sonra 2022-ci ildə keçirilən növbədənkənar seçkidə prezidentlik müddətini bir dövrlə məhdudlaşdıran əvvəlki Konstitusiyaya uyğun olaraq yenidən seçilib. Prezidentin hazırkı səlahiyyət müddəti 2029-cu ildə başa çatır.
Mənbə
oxu.az