Siyasət

Azərbaycan-Özbəkistan münasibətləri: Qardaşlıqdan geoiqtisadi tərəfdaşlığa

23 Aug 2026, 15:42 3 baxış
Azərbaycan-Özbəkistan münasibətləri: Qardaşlıqdan geoiqtisadi tərəfdaşlığa
"Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər son illərdə tarixi və mədəni yaxınlığın təbii davamı olmaqdan çıxaraq, siyasi etimad, strateji maraq və iqtisadi tamamlayıcılıq əsasında formalaşan çoxşaxəli tərəfdaşlığa çevrilib. Ortaq türk kimliyi, tarixi yaddaş və mədəni yaxınlıq bu münasibətin mənəvi zəminini təşkil edərkən, Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimada əsaslanan siyasi iradə bu zəmini konkret əməkdaşlıqlara daşıyan mühüm katalizator olub". Bu sözləri Oxu.Az-a açıqlamasında Bursa Uludağ Universitetinin professoru, iqtisadçı Mehmet Yüce deyib. O bildirib ki, iki ölkə arasındakı münasibətlərin yüksəlişi Türk Dünyasının yenidən institusionallaşdığı və Avrasiyanın nəqliyyat, enerji və ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrə təsadüf edib: "Bu transformasiyanın arxasında bir-birini tamamlayan üç mühüm inkişaf dayanır. Birincisi, 2020-ci il Qarabağ Zəfərinin Azərbaycanın regional geosiyasi çəkisini və hərəkət imkanlarını artırmasıdır. İkincisi, 2021-ci il İstanbul Zirvəsində Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə Türk Dünyasındakı əməkdaşlığın daha güclü institusional çərçivəyə qovuşmasıdır. İstanbul Zirvəsində yalnız təşkilatın adı dəyişdirilməyib, Türk Dünyası Vizyonu-2040-ın qəbul edilməsi və Türk İnvestisiya Fondunun yaradılması kimi qərarlarla iqtisadi və institusional inteqrasiyanın da önü açılıb. Üçüncü inkişaf isə Trans-Xəzər Şərq-Qərb marşrutunun getdikcə strateji əhəmiyyət qazanmasıdır. Çini Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayan Orta Dəhliz Azərbaycanı yalnız Cənubi Qafqazın deyil, Mərkəzi Asiyanın xarici dünyaya çıxışında da mühüm geoiqtisadi mərkəzə çevirir. Bu üç inkişaf Azərbaycan-Özbəkistan münasibətlərinin xarakterini də dəyişdirib. Qarabağ Zəfəri Azərbaycanın regional mövqeyini gücləndirərkən, TDT-nin institusional­laşması Bakı-Daşkənd münasibətlərini daha geniş Türk Dünyası çərçivəsinə yerləşdirib, Trans-Xəzər Dəhlizi isə iki ölkənin coğrafi mövqelərin bir-birini tamamlayan iqtisadi üstünlüklərə çevirib. Özbəkistanın dənizə birbaşa çıxışının olmaması Xəzər üzərindən Azərbaycana və oradan Avropaya uzanan marşrutları Daşkənd baxımından strateji əhəmiyyətli edir. Beləliklə, tarixi yaxınlıq siyasi iradə ilə, siyasi iradə geosiyasi reallıqla, geosiyasi reallıq isə iqtisadi maraqlarla birləşib. Buna görə də Qarabağ Zəfəri, TDT-nin institusional yüksəlişi və Trans-Xəzər Dəhlizi bir-birindən müstəqil üç inkişaf deyil, Azərbaycan-Özbəkistan münasibətlərinin yeni strateji müstəviyə daşınmasını təmin edən eyni transformasiyanın bir-birini tamamlayan elementləridir". "Bu struktur liderlər səviyyəsindəki güclü siyasi iradə sayəsində institusional xarakter qazanıb. 2023-cü ildə yaradılan Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurası münasibətlərin yalnız liderlərin şəxsi yaxınlığından asılı qalmasının qarşısını alan və uzunmüddətli əməkdaşlıq prioritetlərini əlaqələndirən mühüm mexanizmə çevrilib. 23 avqust 2024-cü ildə Daşkənddə keçirilən ilk iclasda iki ölkə Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb, beləliklə, strateji tərəfdaşlıq hüquqi və siyasi baxımdan müttəfiqlik səviyyəsinə yüksəldilib. 2025-ci ildə Özbəkistan Prezidenti Mirziyoyevin Azərbaycana həyata keçirdiyi dövlət səfəri ilə proses daha da irəliləyib, 2026-cı il etibarilə münasibətlər artıq rəsmi olaraq ən yüksək müttəfiqlik səviyyəsində xarakterizə olunur. İqtisadi göstəricilər bu siyasi transformasiyanın yalnız ritorik xarakter daşımadığını göstərir. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bundan əlavə, 2023-cü ildə yaradılan və ümumilikdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkənin yalnız qarşılıqlı ticarətini deyil, birgə investisiyaları və üçüncü ölkələrdəki layihələri də hədəfləyən yeni iqtisadi münasibət modelinin institusional alətlərindən birinə çevrilib", - professor deyib. İqtisadçının sözlərinə görə, bu məqamda münasibətlərin iqtisadi xarakterində baş verən dəyişiklik xüsusilə diqqət çəkir: "Azərbaycan ilə Özbəkistan artıq yalnız bir-birinin məhsullarını satın alan iki ticarət tərəfdaşı deyildir. Avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, turizm, tikinti, xidmətlər və sənaye sahələrində birgə istehsal və investisiya layihələri inkişaf edir. Azərbaycanda Özbəkistan sərmayəsi ilə fəaliyyət göstərən şirkətlərin sayı artarkən, Azərbaycan şirkətləri də Özbəkistanda mehmanxanaçılıq, turizm və daşınmaz əmlak kimi sahələrə investisiya yatırırlar. Füzulidə Özbəkistanın dəstəyi ilə yaradılan nar bağları və avtomobil istehsalı sahəsində əməkdaşlıq iqtisadi münasibətlərin ticarətdən istehsal tərəfdaşlığına doğru inkişaf etdiyini göstərir. Münasibətlərin strateji ölçüsünün ən aydın göründüyü sahə isə nəqliyyat və logistikadır. Orta Dəhliz Bakı ilə Daşkənd arasındakı münasibətləri yalnız iki ölkənin iqtisadi maraqları çərçivəsində deyil, Avrasiyanın yenidən formalaşan ticarət coğrafiyası kontekstində nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Xəzər sahilindəki liman və dəmir yolu infrastrukturu ilə Özbəkistanın Mərkəzi Asiyanın mərkəzindəki istehsal və ticarət potensialı bir-birini tamamlayır. Belə ki, iki ölkə arasındakı tranzit daşımalar 2025-ci ildə 6,7 faiz artaraq 1,4 milyon tona çatmış, 2026-cı ilin ilk altı ayında isə 12,2 faizlik artım qeydə alınmışdır. Bu göstəricilər Trans-Xəzər bağlantısının artıq yalnız strateji baxış deyil, getdikcə böyüyən konkret iqtisadi əməkdaşlıq sahəsi olduğunu göstərir. Enerji də bu geoiqtisadi tərəfdaşlığın tamamlayıcı elementlərindən biridir. Azərbaycanın enerji istehsalı və tranzit infrastrukturu sahəsindəki təcrübəsi ilə Özbəkistanın enerji bazarının transformasiyası və artan investisiya ehtiyacı iki ölkənin enerji sahəsində əməkdaşlıq potensialını genişləndirir. Ənənəvi neft və təbii qaz əməkdaşlığı ilə yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl transformasiya və neft-kimya sahələri də yeni tərəfdaşlıq istiqamətləri kimi önə çıxır. Beləliklə, enerji münasibətləri yalnız resurs transferinə əsaslanan klassik modeldən çıxaraq texnologiya, investisiya və birgə istehsal ölçülərini əhatə edən daha geniş struktura çevrilmək potensialına malikdir". "Nəticə etibarilə, Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi iki lider arasındakı güclü siyasi münasibətdən çox-çox kənarda, tarix, geosiyasət və iqtisadiyyatın eyni tarixi kəsişmədə bir araya gəlməsinin nəticəsidir. Qarabağ Zəfəri Azərbaycanın geosiyasi imkanlarını artırıb, İstanbul Zirvəsi Türk Dünyasının institusional üfüqünü genişləndirib, Trans-Xəzər Şərq-Qərb Dəhlizi isə Azərbaycan ilə Özbəkistanın coğrafi mövqelərini bir-birini tamamlayan iqtisadi üstünlüklərə çevirib. Əliyev və Mirziyoyevin siyasi iradəsi isə bu struktur dəyişikliklərini institusional mexanizmlərə və konkret iqtisadi layihələrə çevirən katalizator funksiyasını yerinə yetirib. Gələcəyin əsas məsələsi artıq yalnız ticarət dövriyyəsini artırmaqdan ibarət deyil. Əsas hədəf birgə istehsal, birgə investisiya, logistik inteqrasiya, enerji əməkdaşlığı, rəqəmsal bağlantı və üçüncü ölkələrdə birgə iqtisadi təşəbbüslər vasitəsilə davamlı Bakı-Daşkənd iqtisadi oxunun formalaşdırılmasıdır. Bu oxun güclənməsi yalnız Azərbaycan və Özbəkistanın iqtisadi potensialını artırmayacaq; eyni zamanda Xəzər ilə Mərkəzi Asiyanı bir-birinə bağlayan və Türk Dünyasının geoiqtisadi çəkisini artıran daha geniş regional iqtisadi arxitekturanın formalaşmasına töhfə verəcək", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər