Cəmiyyət
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
Avqustun 19-da Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür. Oxu.Az xatırladır ki, o, 1912-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb. "Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairin keçən əsrin 20-ci illərinin sonunda yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir. M.Dilbazinin 70-80-ci illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub, ona "Azərbaycanın Xalq şairi" fəxri adını qazandırıb. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər. O, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.
Mənbə
oxu.az